10 gün əvvəl koronavirusdan dünyasını dəyişmiş tanınmış tarixçi alim Dilavər Əzimlinin həyat yoldaşı Arzu Qazıyeva Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından şikayətçidir.
Bizim.Media xəbər verir ki, “Facebook” hesabında xəstəxananın baş həkimi İmran Ağayevə müraciət edən Arzu Qazıyeva həyat yoldaşının ölümündən sonra ona olan hörmətsizlik və məsuliyyətsizlikdən gileylənib:
“Xəstəxanada qalmış əşyalarını və lazımi sənədlərini götürmək üçün ora getməli oldum. Zənn edirəm ki, bir daha o “qəbristanlığa” yolum düşməyəcək. Əşyalarını iri qara sellofan torbada gətirmişdilər.
Torbanın çirkindən cin hürkürdi. İçindəkiləri çıxarmaq üçün bağını açanda quruyub qaldım.
Palto, papaq, yun şərf, poluver, şalvar və s. ələ gələsi deyildi. Pasiyent reanimasiyaya köçürülən kimi bütün əşyaları anbara verilmişdi.
Orda da onları bataqlıq çamırındakı tək çürütmüşdülər. Bu qeyri-insanlığın müəllifini tapa bilmədik.
Tibb bacısı anbardar Elmarın, anbardar tibb bacısının üstünə atdı. Mənə min cür bəhanə gətirdilər, gah dedilər qaytarmırıq, gah dezinfeksiyadan, gah da yandırılmadan uzun-uzadı cəfəngiyyat danışdılar.
Onlara məlumat lövhəsində yazılmış elanı bir daha oxutdurdum: “Reanimasiya xəstələrinin paltar və qiymətli əşyalarının yaxınlarına verilmə saatları....”
Deməli, paltarlar mənə söylənilən bütün cəfəngiyyatlara baxmayaraq, olduğu kimi qorunub saxlanmış vəziyyətdə qaytarılmalı idi. Danışmağa sözləri bitəndə məsul şəxsi tələb etdik.
O, harasa buxarlanmışdı. İşin qızğın vaxtında itib-yoxa çıxmışdı. Mən yalnız saatını, telefonunu, özü ilə orda da oxumağa apardığı iki kitabını, eynəyini və kiçik əl çantasını götürə bildim”.
Arzu Qazıyeva xəstəxana rəhbərliyinə iradında Dilavər Əzimliyə də paltarlarının çürüdülməsi kimi baxıldığını iddia edib:
“Deməli, əminsiz ki, reanimasiyaya köçürülən xəstələrin taleyi artıq geriyə dönmədən həll olunmuş olur və paltarları da lazımsız??? Əgər Dilavər sağalıb qayıtmış olsaydı necə?
Çürütdüyünüz paltarlarını geyinib xəstəxanadan çıxmalıydı??? Sizin rəhbər, həkim, insan kimi qurduğunuz xəstəxanadaxili qaydalar budurmu? Siz Dilavər Əzimlinin müalicəsinə də onun paltarlarını çürütdüyünüz kimi baxmışdız!!!
Öz ayağı ilə xəstəxanaya gedən, nə təngnəfəsliyi, nə boğulması olan adam həqiqətən də lazımi müalicə alırdısa, necə oldu ki, 4 gün müddətində birdən-birə və doğrudanmı reanimasiyalıq oldu?
Biri 20%, digəri 5% zədələnmiş ciyərlərin bir neçə günə böyük sürətlə tam sıradan çıxması inanılmazdır!!! Bəs siz özünüz necə, inanırsız??
Həkimi demişdi ki, o, EKMO aparatına qoşulduğu zaman ciyərlərinin ikisi də, hətta 5% zədələnmiş ciyəri də 100% zədələnmişdi. Mənim açıq qalmış və şübhə doğuran suallarım çoxdur”.
Alimin xanımı həyat yoldaşının telefonundakı mesajlarda da uyğunsuz olduğunu qeyd edib:
“İmza ilə verilmiş xəstəlik epikrizini Dilavərin telefonundakı mesajlarla tutuşdurdim – o qədər uyğunsuzluq var ki...
Çox uzağa getmirəm, təkcə iki cümlə ilə - “Aparılan bütün tədbirlərə əsasən (!) xəstənin vəziyyəti pisləşməyə davam etmişdir”, ekmoda olduğu halda “SPO2 səviyyəsi azaldı" (???) cinayət işi başlatmaq olar”.
Siz heç nəyə diksinmirsiz, sizi heç bir acı tərpətmir. Dilavərsə, sağlamlığını, canını sizlərə etibar edərkən tamam unutmuşdu ki, qəssablar da ağ xalat geyinirlər!”
Alçina Amilqızı, Bizim.Media