Bu gün keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.
Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Bizim.Media-ya bildirilib ki, test imtahanı mərhələsində fizika fənni üzrə ən yüksək balı Fikrət Abdulov (93,75), Nərminə İsmayılova (92) və Tünzalə Mövlanova (91.25), fransız dili fənni üzrə isə ən yüksək balı İlahə Rəhimova (90,5), Sədəf Bağıyeva (87,5) və Fidan Hadıyeva (86,25), informatika fənni üzrə Fidan Ramazanova (96,75), Mirvari Zərbəliyeva (93,25) və Aybəniz Rəfiyeva (92,5) toplayıblar.
Qeyd edək ki, imtahanda toplanılması mümkün olan maksimal bal 100-dür.
Xatırladaq ki, bu gün keçirilən test imtahanlarına ibtidai sinif müəllimliyi üzrə 11004, musiqi fənni üzrə isə 3255 namizəd dəvət olunub.
Əlli səkkiz minə yaxın namizədin iştirak etdiyi test imtahanları iyulun 11-dən 15-dək ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilir.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.
Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində isə ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər.
Bizim.Media