“Qəbirüstü abidə, qəbirdaşı kimi anlamlar İslamda yoxdur. Bunlar xurafatdır, İslamdan çox-çox sonra ortaya atılan məsələdir. İslamda var ki, dünyasını dəyişmiş insanən qəbiri üstünə nişangah qoyulmalıdır. Amma bu nişangahın təmtəraqlı şəkildə edilməsi islama hörmətsizlikdir. Qəbir üstündə abidə qoymaq, məqbərə tikmək dinimizdə haram sayılır”.
Bunu Bizim.Media-ya açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.
MÖVZU İLƏ BAĞLI:
Qadının dini xadim və imam olması niyə MÜMKÜN deyil? – İlahiyyatçıdan maraqlı AÇIQLAMA
O bildirib ki, qəbirüstü abidələrlər bağlı çoxlu hədislər var:
“Hətta peyğəmbərimiz buyurub ki, mənim qəbrimin üstünü 4 barmaqdan hündür etməyin. Qəbirüstü abidələr bütbərəstliyin əlamətidir, həm də israfçılıqdır. Təəssüf ki, ölkəmizdə qəbirüstü abidələrin qoyulması artıq bir adət halını alıb. Hətta bəzi bölgələrdə mərhumun 40-na qədər məzarının üzərində abidə və baş daşı qoyulması kimi bir ehkam, düşüncə var. Bu abidələrin ölü üçün heç bir savabı yoxdur.
Bir də baxırsan ki, kimsə ölüsünün qəbirüstü abidəsinə bir qəsəbənin xərci qədər vəsait xərcləyib. Bu da bir tərəfdən qəbiristanlıqda yer çatışmamazlığına və ayrıseçkiliyə səbəb olur. Çünki, hər kəsin imkanı yoxdur ki, dünyasını dəyişmiş əzizi üçün bahalı daşlardan abidə ucaltsın.
Ən dəhşətlisi odur ki, bu həm də bir biznesə çevrilib. İndi bütün qəbiristanlıqlar kimlərinsə biznes yeridir. Burda həm torpağı satırlar, həm də ölü sahibini öz sexlərində qiymətli daşlardan baş daşı düzəltdirməyə sövq edirlər.
Məmur var ki, hələ sağlığında qəbiristanlıqda böyük bir ərazini özü üçün hasara alıb. Amma bu adam fikirləşmir ki, hər şey Allahın iradəsindədir. Bəlkə də hasarladığı o ərazi ona qismət olmayacaq. Təyyarə, gəmi və digər ağılagəlməz qəzalardan heç kim sığortalanmayıb”.
İlahiyyatçının sözlərinə görə, bu ənənə Azərbaycana SSRİ dönəmində gəlib:
“Çünki, mərmər işi bütün dövrlərdə bahalı biznes sayılıb. Ümumilikdə isə, ölüsünü çox istəyən imkanlı yaxşı olar ki, gedib kasıba əl tutsun, su olmayan yerə su, yolu pis halda olan yerə yol çəkdirsin. Bu cür əməllərin Allah yanında da, insanlar yanında da böyük hörməti və savabı var. Amma abidə qoymaq sadəcə şeytana uymaqdır. Başqa bir şey deyil”.
Surxay Atakişiyev, Bizim.Media