Daşları danışdıran SƏNƏTKAR – FOTOREPORTAJ 

Hazırda oxunan: Daşları danışdıran SƏNƏTKAR – FOTOREPORTAJ 

146040

Bizim.Media-nın bu dəfəki müsahibi Ədalət Elmandır. O, öz bölgəsində daşları danışdıran sənətkar kimi tanınır. Bir vaxtlar hobbi olaraq başladığı bu iş indi onun peşəsinə çevrilib. 

44 yaşlı Ədalət 30 ildir daşlarla dostluq edir, onların üzərində gözəlliklər yaradır. 


Müsahibim deyir ki, "14 yaşı olanda televiziyada Qobustan qayalıqları barədə verilişə baxırdım. Mənə qəribə gəldi ki, daş üzərində necə insan rəsmi ola bilər? Bu məni maraqlandırdı. Evimizin yaxınlığından keçən Ağ çaya getdim, oradan bir iri daş götürüb, başladım daşı cızmağa. Daşın üzərinə qızılgül rəsmini işlədim. O əl işim ilk əl işim oldu. İndi də həmin "Şah əsər"adlandırdığım əl işimi emalatxanamda saxlayıram."  

Ədalət Elman daş üzərində oyma sənətini o gündən sevməyə, dərindən öyrənməyə başlayıb. 1996-cı ildə Bakıda keçirilən sərgidə iştirak edib. Sərgiyə 7 əl işini təqdim edib. 

Ədalət onun üçün ən yadda qalan anının ümumilli lider Heydər Əliyevi yaxından görmək olduğunu deyir:

"Ulu öndər  Heydər Əliyev sərgiyə baxmağa gəlmişdi. Bizim əl işlərimizə baxıb keçdi. Çox xoşbəxtəm ki, o dahi şəxsiyyəti görmək mənə də qismət olub". 


Ədalət Elman Prezident İlham Əliyevi də yaxından iki dəfə gördüyünü deyir. O, Prezidentin 2005 və 2008-ci illərdə Xaçmaza etdiyi səfərlərdə ölkə başçısı ilə görüşməyin ona da müyəssər olduğunu söyləyib. 

Hazırda yaşadığı Alıcqışlaq kəndində sənətkarlıq klubunda mədəni təşkilatçı vəzifəsində çalışan Ədalət Elmanın Xaçmaz şəhərindəki şəxsiyyətlər muzeyində emalatxanası da var.

Ədalət indiyəcən 600-ə yaxın daş əl işi olduğunu bildirib. Bəzən əl işlərindən dost-tanışa hədiyyə də verir, satışını da edir. 

Bizim.Media Ədalətin emalatxanasında olarkən mərkəzə gələn insanların xoşladıqları əl işini aldıqlarının da şahidi olduq. Bakı sakini Kəmalə Əzizova xaçmazlı sənətkarın daşlar üzərində həqiqətən xüsusi qabiliyyət tələb edən gözəl əsərlər yaratdığını söylədi.  


Müsahibim istifadə etdiyi daşları şimal bölgəsindəki çaylardan toplayır. Bildirir ki, işləmək üçün hamar və müxtəlif rəngli daşlar tapır. Əvvəlcə daşın üzərində eskizini çəkir, sonra isə oymağa başlayır.

Qalın cihazla rəsmin kənarlarını nazik ucu ilə isə insanın saçını, gözünün konturunu cızır. Azərbaycan Rəssamlıq Akademiyasının məzunu olan Ədalət Elman əsasən portret, abstakt və mənzərə janrlarına üstünlük verdiyini açıqlayıb. 
O indiyədək ölkənin bir çox tanınmış ictimai-siyasi, mədəniyyət və elm xadimlərinin portretini daş üzərinə həkk edib. Daş üzərində oyma kimi çətin sənətin 30 illik yolçusu indiyədək 30-dan çox yerli və xarici sərgilərdə öz əl işinlərini nümayiş etdirib.  







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin