Onkoloji xəstələrə yığılan pulları ələ keçirən şəxs TUTULDU - VİDEO 

Hazırda oxunan: Onkoloji xəstələrə yığılan pulları ələ keçirən şəxs TUTULDU - VİDEO 

145803

Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən şəxslərə yardım məqsədi ilə paylaşılan bank kartlarından kibercinayətkarlıq metodlarından istifadə edərək oğurluqlar edən şəxs saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Sosial şəbəkələrdə onkoloji xəstəlikdən əziyyət çəkən və aztəminatlı şəxslərə yardım məqsədi ilə yerləşdirilən elanlarda göstərilən bank kartlarına müdaxilə olunduğu, həmçinin həmin hesablarda olan pulların informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə ələ keçirildiyi barədə nazirliyə çoxsaylı müraciətlər edilib. 

Aparılan araşdırmalar və həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində kibercinayətkarlıq metodlarından istifadə edərək qeyd edilən qanunsuz əməlləri törədən Aslan Qurbanov saxlanılaraq istintaqa cəlb edilib. 
Müəyyən olunub ki, Aslan Qurbanov onkoloji xəstələr tərəfindən maddi yardımın toplanması üçün müxtəlif sosial şəbəkələrdə paylaşılmış bank kartlarının məlumatlarını götürərək həmin şəxslərlə xarici virtual nömrələr vasitəsilə əlaqə saxlayıb. O, həmin şəxsləri onlara yardım edəcəyi adı ilə aldadaraq bank kartlarının məxfi məlumatlarını əldə edib. Aslan Qurbanov informasiya texnologiyalarından istifadə etməklə ələ keçirdiyi pul vəsaitlərini izi itirmək məqsədi ilə əvvəlcə xaricdə olan idman-mərc oyunlarındakı hesablarına transfer edib. Sonradan o, pulları istifadəsində olan bank kartına köçürərək nağdlaşdırıb. 

Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-1-ci oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə maddəsi ilə cinayət işi başlanılıb. 
Aslan Qurbanovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin