Ermənilər Bağanis Ayrım soyqırımına görə cavab verəcəklər – Millət vəkili Razi Nurullayev Baş Prokurorluqda hazırlanan sənədlərdən danışıb:
“Hal hazırda Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi, Qazaxın işğalda olan 7 kəndinin Azərbaycana qaytarılması ilə bağlı masada və tərəflərə təqdim olunan hissələrdə Bağanis-Ayrım (keçmiş adı Seyid Ayrım) cinayətləri xüsusi yer tutur. Təbii ki, məsələ masanın üzərindədir və onların nəzərinə çatdırılıb”
Bizim.Media xəbər verir ki, bu sözləri “Müsavat tv”nin canlı yayımında deyən deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev cinayətlə bağlı Azərbaycan tərəfinin sərt mövqe sərgilədiyini səsləndirib:
MÖVZU İLƏ BAĞLI:
“YAP qurultayında qəbul olunan qərarlar çox düşündürücüdür” – Müxalif partiyanın rəhbəri
“Bütün bunlar beynəlxalq təşkilatlar və cinayət məhkəməsinə də təqdim olunacaq. Bununla bağlı Baş Prokurorluq xüsusi sənədlər hazırlayır, protokollaşdırılır, inventarlaşdırılır. Cinayət işi də qaldırılıb.
Cinayət işinə lazım olan bütün əlavə sənədlər olacaq və tapılan yeni faktlar da daxil ediləcək. Bu faktlar hüquq müstəvisində Ermənistanla mübarizədə istifadə olunacaq.
Bağanis Ayrım unudulan bir faciə deyil”,- deyə millət vəkili fikrini tamamlayıb.
Xatırladaq ki, 1990-cı il martın 24-də yeddi nəfər kənd sakini insanlığa sığmayan işgəncələrə məruz qalıb, onlar diri-diri ocağa atılıb və iki nəfər güllələnib. Ocaqda yandırılan insanların kiçiyi 39 günlük körpə, böyüyü isə 70 yaşında ahıl olub.
Bu faciə zamanı 17 ev yandırılıb, 11 ev qarət edilib. Əslində, erməni silahlılarının törətdiyi bu faciə soyqırımı faktıdır. Təəssüf ki, bu barədə dünya ictimaiyyətinə o qədər də geniş və ətraflı məlumat çatdırılmayıb.
Qeyd edək ki, ermənilər bu kənddə 1918-1920-ci illərdə də soyqırımı törədib. 1921-ci ildə isə Qazax rayonunun sərhəd kəndlərindən 9 min kv.km ərazi SSRİ rəhbərliyinin Azərbaycana təzyiqi nəticəsində zorla Ermənistana verilib. Bolşeviklərin ermənilərə torpaq payı 1930-1932-ci illərdə də davam edib.
Bu iyrənc fəaliyyət 1989-cu ildə yenidən icra olunub və Bağanıs Ayrım kəndi ermənilərin intensiv hücumlarına məruz qalıb. 1990-cı ilin 24 mart tarixində isə dinc sakinlərə qarşı qətliam həyata keçirilib.
Ermənilərin bu soyqırımının şahidlərindən biri olan Yoloğlu Həsənov deyirdi: "Bizi qorumalı olan sovet əsgərləri erməni silahlılarının hücumunun və törətdikləri qətliamın qarşısını almadılar. Canını birtəhər götürüb qaçanlar qurtulsa da, kənddə qalanlar diri-diri yandırıldı.”
İnsanların bu cür yandırılmasını təsdiqləyən fotofaktlar mövcuddur.
Anar Rəhimov, Bizim.Media