BİZİM TƏQVİM: 10 iyul tarixində nələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 10 iyul tarixində nələr baş verib?

145386

10 iyul 1918-ci ildə Azərbaycan və türk (Osmanlı) hərbi qüvvələri (Qafqaz İslam Ordusu) Kürdəmir yaxınlığındakı döyüşdə daşnak-bolşevik “Bakı Soveti”nin qoşunlarını məğlub ediblər. Bu qələbədən sonra Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərinə əks-hücumu başlanıb. İyulun 14-də Kərrar dəmiryolu stansiyası azad edilib. 

Bəs, iyulun 10-da daha hansı hadisələr baş verib? 

1. 1913-cü ilin bu günündə Kaliforniyadaki Ölüm Vadisində havanın temperaturu 56,7 dərəcə isti təşkil edib. Bu, ABŞ-da qeydə alınmış ən yüksək istilik göstəricisidir. 

2. 10 iyul 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin dekreti ilə “musiqi təhsilini proletar kütlələri içərisində geniş yaymaq” məqsədilə musiqi alətləri dövlət mülkiyyəti elan edilib. Orkestr musiqiçiləri səfərbərliyə alınaraq Xalq Maarif Komissarlığının sərəncamına verilib. 

3. Anadolu işğalını davam etdirən Yunanıstan ordusu 1921-ci ilin 10 iyulundan Kütahya-Eskişehir döyüşlərinə başladı. Osmanlı-Türk ordusu Sakarya çayının şərqinə çəkildi. Türkiyə Böyük Millət Məclisi Sakarya müharibəsinə hazırlıqlar üçün 5 avqustda Mustafa Kamal Paşanı hədsiz səlahiyyətlərə malik baş komandan elan etdi. 

4. 10 iyul 1940-cı ildə Fransada III Respublika rəsmən süqut edib. Hitler Almaniyası ölkənin ərazisinin üçdə ikisini işğal edəndən sonra Vişi şəhərində toplaşan Fransa Milli Assambleya (parlament) səlahiyyətlərini yerə qoydu. Faşistlərin marionet lideri sayılan marşal Filipp Peten ölkənin formal rəhbəri təyin edildi. 

5. 1960-cı ilin bu günüdə futbol üzrə ilk Avropa çempionu müəyyənləşib. Avropa çempionatına (həmin dövrdə “Avropa Millətlər Kuboku” adlanırdı) ev sahibliyi edən Fransanın Paris şəhərində keçirilən final oyununda SSRİ və Yuqoslaviya komandaları qarşılaşıb. Əsas hissəsi 1:1 başa çatan oyunun qalibi əlavə vaxtda bilinib. Viktor Ponedelnikin vurduğu qolla SSRİ yığması ilk Avropa çempionu olub. 

6. 10 iyul 1962-ci ildə ABŞ-ın Telstar adlı ilk əlaqələr peyki orbitə buraxılıb. 

7. 10 iyul 1973-cü ildə Britaniyanın müstəmləkəsi olan Baham adaları (ərazisi 14 min kv.km) müstəqilliyini elan edib. 1492-ci ildə ispanlar tərəfindən kəşf edilən Baham adaları XVIII əsrin sonunda ingilislərin nəzarətinə keçmişdi. Hazırda Baham adaları dünyanın məşhur turizm və azad iqtisadi zonası hesab olunur. 

8. 10 iyul 1985-ci ildə “Greenpeace” gəmisi Fransa Gizli Xidməti "Rainbow Warrior" agentləri tərəfindən Oklend limanında bombalanaraq batırıldı. İstintaq zamanı Fransa təxribatı öz agentlərinin törətdiyini qəbul etdi. 

9. Panama diktatoru Manual Norieqa ABŞ hökuməti tərəfindən tutulduqdan sonra çıxarıldığı məhkəmədə narkotik ticarəti maddəsilə 40 illik həbsə məhkum olundu (1992). 

10.  10 iyul 1992-ci ildə Azərbaycanla Kanada arasında diplomatik əlaqələr qurulub. 

10 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır: 

1. Azərbaycanın görkəmli maarifçi şairi Seyid Əzim Şirvani 1835-ci ilin bu günü dünyaya gəlib. İlk şeirlərini 20 yaşında (1855) yazıb. Bağdada və Misirə səfər edib, dövrün tanınmış alim və şairləri ilə görüşüb. Seyid Əzim Şirvaninin qəzəlləri, lirik və satirik şeirləri 19-cu əsrAzərbaycan poeziyasının incilərindəndir. 

2. Hərbi xadim, Azərbaycan Demokratik Cümhuriyyəti ordusunun general-mayoru Əbdülhəmid Qaytabaşı 1884-cü il 10 iyulda anadan olub. 1918-ci ildə müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə qərargahın tərkibindəki növbətçi general vəzifəsinə təyin olunan, 1919-cu ildə Müvəqqəti Ümumi Qərargahın rəisi vəzifəsini icra edən Ə.Qaytabaşı Aprel işğalından sonra bolşeviklər tərəfindən güllələnib. (1884-1920) 

3. Tanınmış şərqşünas alim və filosof Aleksandr Makovelski 1884-cü il iyulun 10-da anadan olub. 1945-1950-ci illərdə Azərbaycan Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru vəzifəsini icra edib.   

4. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Xəstə Bayraməli 1899-cu ilin bu günü Göyçə mahalının Nərimanlı kəndində doğulub. 

5. Görkəmli ingilis yazıçısı Ceyms Oldric 1918-ci ilin 10 iyulunda anadan olub.  

6. Livan əslli misirli məşhur kino aktyoru Ömər Şərif 2015-ci ilin bu günü 83 yaşında keçirdiyi infarkt nəticəsində həyatını itirib. (1932-2015) 

7. Azərbaycanın Milli Qəhrəmanı Şikar Aslanov 10 iyul 1970-ci ildə anadan olub. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin