Ağacların üzərinə yazılar cızanların hansı psixoloji problemləri var? – Psixoloqdan AÇIQLAMA

Hazırda oxunan: Ağacların üzərinə yazılar cızanların hansı psixoloji problemləri var? – Psixoloqdan AÇIQLAMA

145101

Xəbər verdiyimiz kimi bu günlərdə sosial şəbəkələrdə Dənizkənarı Bulvar ərazisində insanlar tərəfindən dekorativ ağaclara, o cümlədən kaktuslara zərər vurulması ilə bağlı daha bir görüntü yayılıb. İyulun 1-də Bakı Bulvarında çəkildiyi qeyd edilən videogörüntüdə bir qadının kaktusun üzərinə yazı yazmağa çalışdığı görünür.Yanındakı qadın da ona yardım edir.

Bu görüntülər təbii ki, böyük ictimai qınağa səbəb oldu. Bəs, bəz insanların ətraf mühitə bu cür anlaşılmaz münasibəti nə ilə bağlıdır?

Mövzu ilə bağlı psixoloq Gülnar Orucova ilə həmsöhbət olduq. 

Bizim.Media-ya açıqlamasında o bildirdi ki, bəzi insanlar əsəbləşəndə öz aqressiyalarını qarşı tərəfə deyil ətrafa dağıdır:

“Əsəbləşən adam aqressiyasını bir çox hallarda heç bir dəxli olmayan insana və yaxud heyvanlara, hətta hansısa əşyaya yönəldir. Son zamanlar “burdan ət yemisən”-deyə pişiyin ayağını kəsən və yaxud 2 itin quyruğunu bir-birinə yapışdıran insana rast gəlirik. Sonuncu dəfə isə bir qadınla kişinin bulvarda kaktusun budaqlarına əziyyət verdiyini gördük. Bu cür aqressiyalar insanlarda bir anda baş qaldırmır. Bu zaman-zaman insanın içində yığılmış mənfi enerjinin partlayışı səbəbindən baş verir. Bu zamansa aqressiv şəxs bəzən harda olduğunu və nə etdiyinin fərqində olmur”.

Gülnar Orucova başqa bir məqam da toxunub:

“İnsanlarımızın ictimai mülkiyyətə sevgisi çox azdır. Hər kəs ancaq öz evinin, öz ofisinin və hətta öz avtomobilinin təmizliyi qayğısına qalır. Amma yaşadığı məhəllənin, işlədiyi idarənin, getdiyi ictimai nəqliyyatın təmizliyi bəzi adamları qətiyyən maraqlandırmır. Və bu cür insanlar su qabını avtomobilin pəncərəsindən, zibil qutusunu evinin eyvanından heç bir tərəddüd hissi keçirmədən ata bilir.  

Bu da bəzi insanlarda qüsurlu yanaşma tərzinin olması ilə bağlıdır. Bəziləri küçənin və yaxud hər gün istifadə etdiyi avtobusun təmiz saxlanılmasını özünün vətəndaşlıq borcu kimi yox, kimlərinsə vəzifə borcu kimi başa düşür. Belələri küçəni zibilliyən, yaşıllıqları korlayan adamlara heç bir irad bildirmir, əksinə onlar da həmin ziyankarların cərgəsinə qoşulur. 

Bunun da iki səbəbi var. Birincisi, bu statusundan asılı olmayaraq həmin adamın çox cahil olması ilə bağlıdır.

Belələri ictimai mülkiyyətə hər zaman düşmən gözü ilə baxırlar. Digər səbəbsə psixoloji problemdir. Bəzi insanlar öz psixoloji problemini psixoloqla, psixatrla bölüşərək həll etmək əvəzinə ətrafdakı canlı və cansız materiyaya qarşı aqressivlik nümayiş etdirirlər. Bu da həmin adamda psixi pozğunluğun olmasını göstərir”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin