Xəbər verdiyimiz kimi “Dərman vasitələri haqqında” qanuna bir sıra dəyişiklik təklif edilir. Bununla bağlı Milli Məclisdə müzakirələr aparılıb.
Müzakirələr zamanı məlum olub ki, qanuna təklif edilən bir sıra dəyişiklik xeyli müəmmalıdır.
Məsələn, qanunvericilik təşəbbüsü ilə çıxış edən Səhiyyə Nazirliyi təklif edir ki, həkim pesepti olmadan vətəndaşların şəxsi istifadəsi üçün ölkəyə dərman gətirməsi qadağan edilsin, ölkəmizə idxal edilən dərmanların içliklərinin əcnəbi dildə olması məqsədəuyğun sayılsın və s.
MÖVZU İLƏ BAĞLI:
Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq - RƏSMİ
İstənilən qanun xalqın və dövlətin maraqlarına xidmət etməlidir. Lakin, Səhiyyə Nazirliyinin “Dərman vasitələri haqqında” qanuna təklif etdiyi dəyişiklik daha çox dərman alverçilərinin marağına xidmət edir. Çünki, ediləcək dəyişiklik ölkədəki bahaçılığın, qıtlığın və keyfiyyətsiz və mənşəyi bəlli olmayan dərmanların qarşısını qətiyyən almayacaq, əksinə bu sahədəki problemləri bir az da dərinləşdirəcək.
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafanın fikirlərini öyrəndik.
Deputat Bizim.Media-ya açıqlamasında bildirib ki, layihə ilə bağlı ciddi bir dəqiqləşdirmə olmalıdır:
“Əhalinin istənilən bir hissəsi bu qanunun tətbiqində hansısa sıxıntısını görür. Konkret faktlarla əhaliyə izah olunmalıdır ki, qanuna edilən dəyişiklik hansı xaosu sonlandıracaq, hansı dərmanın qıtlığının və bahalığının qarşısını alacaq. Bu olmadıqca boşuna qəbul elədiyimiz müddəaların sonradan əhaliyə nə qədər ziyan vurduğunu görürük.
Bu məsələdə həssas olmaq, insanları tam anlamaq lazımdır. Dərman qıtlığı, yerli istehsalın olmaması, inhisarçılıq və digər problemlər aradan qaldırılmalıdır. Təsadüfi deyil ki, dərman satışından qazananlar o pulu heç zaman rahatlıqla xərcləyə bilmirlər. Çünki, o pullar insanların ah-naləsi ilə qazanılan pullardır.
Ona görə bu sahədə müəyyən addımların atılması vacibdir. İnsanların sağlamlığını və sosial vəziyyətini yüngülləşdiriləcək müddəalar bu qanunda daha çox öz əksini tapmalıdır.
Dərmanların artan qiymətinə bir nəzarət olmalıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu məqsədlə bir proqram tərtib eləyib cəmiyyətə təqdim etməlidir ki, insanlar bu sahədə ciddi nəzarətin həyata keçiriləcəyinə inansınlar”.
Surxay Atakişiyev, Bizim.Media