Xarici teleradiolar Azərbaycan sərhədlərini pozur – ÖLÇÜ GÖTÜRÜLMƏLİDİR

Hazırda oxunan: Xarici teleradiolar Azərbaycan sərhədlərini pozur – ÖLÇÜ GÖTÜRÜLMƏLİDİR

14447

Azərbaycan efirində Rusiya, İran, Gürcüstan, hətta Ermənistan teleradioları yayılır. Şimalda Rusiya-Dağıstan, şimal-qərbdə Gürcüstan, cənubda İran, Qarabağda isə Ermənistan Azərbaycanın efir yayımına müdaxilələr edir.

Mütəxəssislərin fikrincə, yerüstü yayımda bir ölkənin ərazisində digər ölkənin teleproqramının yayımlanması məqsədəuyğun deyil və ölkələr arasında tezliklərlə bağlı razılaşdırılmaya ziddir.

Azərbaycanın müxtəlif ərazilərində xarici radio stansiyaların bizim dalğaları vurması ilə bağlı müəyyən proqramlar həyata keçsə də məsələ tam həllini tapmır.

“Media FM” Radiostansiyasnın baş direktoru Rüstəm Əliyev Bizim.Media-ya açıqlamasında deyib ki, bütün dünyada tezliklərin sərhəd bölgələrində razılaşdırılması prosedurundan istifadə olunur:

“Torpalarımız 30 ilə yaxın işğal altında olduğu üçün orada teleradio yayımı həyata keçirə bilməmişik. Bu səbəbdən bəzi ölkələrin teleradioları bizim sərhədlərimizə keçir. Yavaş-yavaş o torpaqlar Azərbaycanın nəzarətinə keçdikcə, bu məsələlərə son qoyulacaq, efirimizdə öz suverenliyimiz və bütövlüyümüz təmin olunacaq.
 

Artıq işğaldan azad etdiyimiz torpaqlarda teleradiolarımızın yayımı üçün tezliklır verilib. Xaricdən ötürücülər alındıqca, orada quraşdırılacaq.


Bəzən hava şəriatindən asılı olaraq xarici dalğalar efirimizdə eşidilir və tarix boyu bu, olub. İstənilən halda qonşu ölkələrin teleradio stansiyalarının efirimizdə yer alması təbii və normal prosesdir. Bunlar elektromaqnit dalğalarıdır. Gələcəkdə yavaş-yavaş rəqəmsal sistemə keçəndən sonra bunu tənzimləmək mümkün olacaq. İndiki dönəmdə hər bir dövlətin teleradio yayımçısı gərək vicdanlı olsun və götürdüyü öhdəliyi yerinə yetirsin”.

Rüstəm Əliyevin sözlərinə görə, əslində ölkələr arasında tezliklərin müəyyən gücdə işləməsi haqda razılıq mövcuddur:

“Bəzən bu gücü aşırlar. Məsələn, İran radio stansiyaları 5 kilovat gücündə işləməli olduğu halda, 20 kilovat gücündə işləyir. Stansiyaları dağların başına qoyub Azərbaycan tərəfinə yayım verirlər. Əslində bu, qeyri-qanunidir və protokolların pozulmasıdır. Fikrimcə, Azərbaycan bu məsələnin üstünə çox getmir.
 

Azərbaycan Dağlıq Qarabağda ərazi bütövlüyün tam nəzarətinə alandan sonra xarici yayımların heç biri olmayacaq. Amma sərhəd bölgələrində qonşu ölkələrin yayımları eşidiləcək.

 

Bildiyim qədər Azərbaycan Gürcüstan, Rusiya və Türkmənistanla tezlik bölünməsini sonlayıb. Yalnız Ermənistan qalıb. Hesab edirəm ki, münasibətlər normallaşandan sonra tezliklərlə bağlı bölgülərin aparılmasına dair saziş imzalanacaq”.

Rüstəm Əliyev bəzən bizim teleradioların başqa ölkələrin yayımına mane olduğunu da istisna etməyib:
 

“Amma çalışırıq ki, sərhədyanı bölgələrdə aşağı güclə işləyək ki, başqa əraziyə keçib, çox da mane olmayaq.


Bu dalğaların insan orqanizminə təsiri olmasa da, ideoloji təhlükəsi var. Tutaq ki, hər hansı xarici ölkədə yanımızdakı qonşu ölkə Azərbaycan dilində əleyhimizə təbliğat aparır. Bu halda sətiraltı və şüuraltı təbliğat ziyanımıza işləyir”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin