Qayınatası tərəfindən uksus içirilən qadın narkotik İSTİFADƏÇİSİYMİŞ – “Övladını körpələr evinə yerləşdirdik” 

Hazırda oxunan: Qayınatası tərəfindən uksus içirilən qadın narkotik İSTİFADƏÇİSİYMİŞ – “Övladını körpələr evinə yerləşdirdik” 

144331

Bakıda 23 yaşlı qadının məişət zorakılığına məruz qaldığını, esensiya (uksus) mayesi içirdilərək intihara məcbur edildiyini, həmin mayenin gözünə və bədəninə tökülərək ağır xəsarətlər aldığını, həmçinin övladından məhrum edildiyini xəbər vermişdik. 

Sabunçu rayon sakini Tamara Nəzərovanın iddiasına görə Nardaran qəsəbəsində yaşayan qayınatası Vahab Manafov, qayınanası Nəzakət Manafova və qayınları Murad və Manaf Manafovlar övladını qoyub getməsi üçün ona olmazın işgəncələr veriblər. 

Dəhşətli olayla bağlı Bizim.Media-ya müraciət edən Tamara Nəzərovanın tələbi şiddət gördüyü ailə tərəfindən əlindən alınan körpəsinə qovuşmaq və onu həyat işığından məhrum edənlərin cəzalandırılması olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda FİLM kimi OLAY – Qayınata gəlinini oğlundan ayırmaq üçün gözlərinə UKSUS töküb KOR etdi – ÖZƏL 


Məsələ saytımızda ictimailəşəndən və bəzi detallar açıqlanandan sonra aidiyyəti qurumlar növbəti dəfə hərəkətə keçib.

Bu dəfə ortaya şok faktlar çıxıb. Daha doğrusu rəsmi qurumlar Tamara Nəzərovanın narkotik maddə istifadəçisi olduğunu müəyyən edərək, övladını Körpələr evinə yerləşdiriblər. 

Bunu Bizim.Media-ya Sabunçu Rayon icra başçısının müavini Rəna Fərəcova açıqlayıb.

Onun sözlərinə görə Tamara Nəzərovanın zorakılığa məruz qalması ilə bağlı məsələ isə prokurorluğun icraatındadır:

“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz, ev 25 ünvanında qeydiyyatda olan və yaşayan 16.08.1999-cu il təvəllüdlü Tamara  Nəzərova Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 12, mənzil 40 ünvanında qeydiyyatda olan və yaşayan 23.03.1976-cı il təvəllüdlü qaynatası Vahab Manafov tərəfindən məişət zorakılığına məruz qalması barədə ərizəsinə baxılıb. 

Müvafiq tədbir görülməsi üçün Sabunçu Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupuna yönləndirilib.  Monitorinq Qrupu tərəfindən dərhal araşdırma aparılıb və Tamara Nəzərova ilə söhbət aparılıb. Söhbət zamanı o, 2019-cu ildə Maarif Manafov tərəfindən qaçırılaraq qeyri-rəsmi münasibətə daxil olduğunu və 29.11.2021-ci il tarixdə Mələk Nəzərova adlı bir qız övladının dünyaya gəldiyini bildirib. 

Övladının üzərində atalıq faktının müəyyən edilmədiyini vurğulayan Tamara Nəzərova həyat yoldaşı Maarif Manafovun narkotik vasitə istifadəçisi kimi 08.12.2022-ci il tarixdə hüquq-mühafizə orqanları tərəfindən tutularaq həbs edildiyini qeyd edib.

Həyat yoldaşının ailə üzvləri ilə yaşayan qadın 09.04.2023-cü il tarixdə qaynatası Vahab Manafov  və qaynı Murad Manafov tərəfindən əxlaqsızlıqla günahlandırılaraq fiziki işgəncələrə məruz qaldığını deyib. 

Esensiya (uksus) mayesi içirdilərək intihara məcbur edildiyini, həmin mayenin üzünə və bədəninə tökülərək ağır bədən xəsarətləri aldığını, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini diqqətə çatdırıb. Xəstəxanada olduğu müddətdə azyaşlı övladının narkotik maddə aludəçisi olan qayınatası tərəfindən qaçırıldığını vurğulayan Tamara Nəzərova qızının öz himayəsinə qaytarılmasını xahiş edib”.
 

MÖVZU İLƏ BAĞLI:

Qayınatası tərəfindən uksus içirilən qadınla bağlı QALMAQAL böyüyür - Həkimdən ŞOK AÇIQLAMA


Rəna Fərəcova bildirib ki, məsələ ilə bağlı Monitorinq Qrupu tərəfindən zərərçəkən Tamara Nəzərova qısamüddətli Mühafizə Orderi ilə təmin edilib və uşaq oğurluğu faktının araşdırılması barədə Sabunçu Rayon Polis İdarəsi, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məktubla müraciət ünvanlanıb: 

“13.06.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri R.Əliyeva, S.Hünbətova, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbə bələdiyyəsinin Gender məsələləri və məişət zorakılığına qarşı mübarizəyə dair Komissiyanın sədri P.Nəsirova və Komissiyanın üzvü Z.Kərimov, Sabunçu rayon Polis İdarəsinin 42-ci PŞ-nin sahə inspektoru A.Əliyev və sahə rəisi Ü.İsgəndərovun iştirakı ilə Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 25 ünvanında yaşayan Vahab Manafovun evinə səfər təşkil edilib. 

Səfər zamanı ev sahibləri qapını açmadığından azyaşlının alınaraq anasının himayəsinə qaytarılması mümkün olmayıb. 23.06.2023-cü il tarixdə təkrar ailənin yaşadığı ünvana səfər edilib. Bu dəfə ev sahibləri evdə olmayıb. Polis Şöbəsi tərəfindən Vahab Manafovla telefon əlaqəsi yaradılıb və o, növbəti gün, yəni 24.06.2023-cü il tarixdə azyaşlı ilə birgə polis bölməsinə gələcəyi barədə vəd verib. 

24.06.2023-cü il tarixdə o, azyaşlı ilə birgə bölməyə gəlməyib və uşağı qəsdən qaçırmağa davam edib. Məsələ ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis İdarəsi tərəfindən axtarışlar davam etdirilib. Beləliklə 25.06.2023-cü il tarixdə körpə bioloji əmisi Manaf Manafov tərəfindən Komissiya üzvlərinə təhvil verilib. 

İcra başçısının müavini əlavə edib ki, Narkotik Sərxoşluq Vəziyyətinin Narkotik Vasitələrin və Psixotrop Maddələrin İstehlakı Hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 25.06.2023-cü il tarixli, 2499 nömrəli akta əsasən, ana Tamara Nəzərovanın narkotik maddə istifadəçisi olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır:

“Yuxarıda qeyd edilənləri və azyaşlının üzərində atalıq faktının təsdiq edilmədiyini nəzərə alaraq, körpə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialının əməkdaşı M.Umarov və  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsi R.Quliyevanın iştirakı ilə Körpələr Evinə yerləşdirilib”, - deyə Rəna Fərəcova qeyd edib.

Xatırladaq ki, aprelin 9-u Tamara Nəzərovanın Nardaran qəsəbəsində yaşayan qayınatası Vahab Manafov və qaynı Murad Manafov qadının əl-qolunu tutaraq ona zorla esensiya (uksus) içiriblər. Qadın buna əngəl olmağa çalışsa da, kimyəvi məhlul Tamara Nəzərovanın gözlərinə, boğazına, boynuna və ayaqlarına tökülüb.

 Tamara Nəzərova yanıq xəsarətləri ilə təcili tibbi yardımla 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) yerləşdirilib. 13 gün komada qalıb və müalicəsi bitəndən sonra iyunun 20-də evə buraxılıb.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin