Kürdəmirdə 1-ci Qarabağ müharibəsinin şəhidi Rəhimov Qurban Fərzalı oğlunun adına inşa olunmuş ehsan bulağının və küçənin açılışı olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, açılış mərasimində Kürdəmir rayon icra hakimiyyətinin nümayəndələri şəhidin ailə üzvləri və kənd camaatı iştirak edib.
Bulaq kompleksi kənd sakini Zabit Ağayevin şəxsi vəsaiti hesabına tikilərək ərsəyə gəlib. Rayonun Təklə kəndində reallaşan açılış mərasimində əvvəlcə dövlət himni səslənib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın ruhu bir dəqiqəlik sükutla tad edilib.
Çıxış edənlər şəhid Qurban Rəhimovun necə mərd, cəsur elə-obaya bağlı oğul olduğunu qeyd ediblər.
Bildirilib ki, bu kimi tədbirlərin təşkil olunması, eləcə də şəhidlərin yad edilməsi gənclərdə və yeniyetmələrdə vətənpərvərlik hissinin oyanmasına səbəb olur.
Tədbirdə məktəblilərin ifasında müxtəlif şeirlər və kompozisiyalar ifa olunub.
Bundan başqa şəhidin bir vaxtlar yaşadığı küçəyə də Qurban Rəhimovun adı verilib və lövhələr quraşdırılıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Qurban Fərzalı oğlu Rəhimov 1969-cu ildə Kürdəmirin Təklə kəndində anadan olub. Qurban ilk təhsilini Təklə kənd orta məktəbində alıb. 1988-1990-cı illərdə o, ilk həqiqi hərbi xidmətini Rusiyada keçib.
O vaxtlar ölkəmizdə başlayan 1-ci Qarabağ müharibəsinə biganə qala bilməyən Qurban cəbhəyə yola düşüb və qızğın döyüşlərə qatılıb.
Beləcə o, cəbhənin müxtəlif istiqamətlərində döyüşərək düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv olunmasında əvəzsiz xidmətlər göstərib.
Onun son döyüşü 1992-ci il iyun ayının 28-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi istiqmətində olub və həmin döyüşdə qəhrəmancasına şəhid olub.
Onun nəşi Kürdəmirə gətirilib və rayonun Təklə kəndində torpağa tapşırılıb.
Qurbanın bir qız övladı vətənə əmanət qalıb.
Bizim.Media, Aran bürosu