Şəkinin nağıllar aləmindən müasir dünyaya səyahət - FOTO

Hazırda oxunan: Şəkinin nağıllar aləmindən müasir dünyaya səyahət - FOTO

143682

Dünyada bənzəri olmayan 19 sənətkarlıq nümunəsini öz bayraqları ilə birlikdə yaşadan Şəki şəhəri həm də Cənubi Qafqazda ilk Keramika Mərkəzidir. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 2018-ci ildə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin məhz Şəkidə fəaliyyətə başlaması, ilk Beynəlxalq Keramika Simpoziumunun da bu şəhərdə keçirilməsi heç də təsadüfi deyil. Çünki Şəkinin tarixi, şəhərsalma mədəniyyəti, özünəməxsus memarlıq üslubu, sənətçilik ənənələri var. Digər tərəfdən keramika sənəti ənənələrinin davam etdirilərək gələcək nəsillərə ötürülməsində Şəki sənətkarlarının rolu böyükdür. 



Cənubi Qafqazın ilk keramika mərkəzinin qısa müddətdə naliyyətləri az deyil və onu yaşadan, inkişaf etdirən sənətkarlar bir çox uğurlu layihələrə imza atıb.

Bu gün belə gənc sənətkarlardan biri, onun bu sənətə gəlişi və uğur hekayəsi haqda söhbət açasıyıq. 

Dünən harda qalmışdıq…

Onun hər səhəri bu cümlə ilə başlayır. Bəzən yarım, bəzən bir saata yaxın ötən gün qaldığı yerdən davam etmək üçün yer axtarır. 

İşə gələr-gəlməz, önlüyünü əlinə alıb dünən yarıda buraxdığı əl işini dönə-dönə gözdən keçirir və daha nələri əlavə edəcəyini düşünür. 

Bəzən başladığı elə işləri olur ki, onu səhərə kimi beynində dəfələrlə söküb-yığır. Bezmir, usanmır, sənətindən.  

Xalçaçı rəssamlıqdan keramikaya gedən yol

İxtisasca xalçaçı rəssam olsa da Kamran İbrahimxəlilov taleyini keramika sənətinə bağlayıb. Bir zaman həyət-bacada uşaqlarla oynayarkən palçıqdan düzəltdiyi fiqurları o indi gildən hazırlayır, həm də min bir naxış, min bir rənglə. 



2018-ci ildə Şəkidə belə bir mərkəzin fəaliyyətə başlayacağını eşidəndə fikirləşmədən sənədlərini komissiyaya təqdim edir. Burada isə elə sənətkarlar təmsil olunurdu ki, Kamranın ilk baxışda müsabiqədən keçəyəci inanılmaz gəlirdi. Lakin qısa müddətdə gilin dilini tapdı və ilk işlərini tərəddüdlə olsa belə təqdim etdi. Ustadların müsbət rəyləri onu daha ciddi sənət əsərləri üzərində işləməyə sövq elədi. Artıq üzərindən beş ilə yaxın dövr keçib və o hər gün hər ay üzərində işləyib, təkmilləşdirib.     

Deyir, əsərlərimi hazırlayarkən oradakı obrazlarla danışır, onların sima-obrazını fərqli yaratmaq üçün bir cizgini bəzən bir neçə dəfə təkrarən işləyir. Digər tərəfdən keramikanın sirlərinə bələd olduqca onun insan ruhuna nə qədər mənəvi qida verdiyinin şahidi olurur. Kamran deyir ki, hər bir işində tamaşaçının əsərindən mənəvi ruh, qida alması üçün günlərini sərf etməkdən belə usanmır, yorulmur.             

Gil, ornament və nağıl qəhrəmanları

Söhbət ki, gildən və dekorativ tətbiqi sənətdən gedirsə səhərdən Kamranın üzərində işlədiyi əl işi barədə bir qədər ətraflı məlumat verməsini xahiş edirik. Adətən sənət adamları bitməyən işləri haqda danışmağı sevməsələr də Kamran beynində tamamladığı əsərinin ssenarisini bizimlə bölüşür:

“İşlədiyim bu vaz naxışlardan ibarətdir. Ornament sənətinə yaxın bir sənətdir. Sadəcə yanaşma fərqlidir. Belə ki, detallar gilin, yəni vazın üzərində aralı formada işlənib. Bunu da özümə məxsus stil olaraq seçmişəm. İşin bədii tərəfinə, mövzusuna gələndə Nağıl adlanır. Çalışmışam ki, nağıl qəhrəmanlarını vazın üzərində tətbiq edim"

Emalatxanadan sərgiyə, sonra isə etno-butiklərə

Qeyd edək ki, Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində hazırlanan əl işləri əvvəlcə burada təşkil edilən sərgidə yerli və xarici qonaqlara təqdim olunur.   Dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif texnikalarında işlənilib hazırlanan bu məhsulların hər biri sərgidən sonra “ABAD” etno-butiklərində satışa çıxarılır.

Gənc keramika ustası Kamran İbrahimxəlilovun əl işləri də artıq nəinki ölkəmizdə, eləcə də xaricidə dəfələrlə sərgi və müsabiqələrdə nümayiş etdirilib, butiklərdə dəyərli əsərlər sırasında satılıb. 











Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin