Bu gün saat 11:00 radələrində Daşkəsən rayonu ərazisinə yağan güclü dolu və leysan yağışları qısa müddət ərzində Daşkəsən şəhərində əksər istinad divarlarını dağıdıb, yol infrastrukturunu, bəzi elektrik və rabitə xətlərini qırıb, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə, təsərrüfatlara ciddi ziyan vurub.
Daşkəsən şəhərinin mərkəzi küçəsindən güclü sel keçir. Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Hazırda Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanların aradan qaldırılması işləri davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu