Müharibəni uşaqlara necə izah edək? - FOTOLAR

Hazırda oxunan: Müharibəni uşaqlara necə izah edək? - FOTOLAR

1435

Psixoloq: “Bayrağa sarılıb atalarına dua edən əsgər övladları hamıya yaxşı təsir edir”.

Müharibənin psixoloji təsirləri uşağın yaşından, cinsindən, şəxsiyyətindən və s. amillərdən asılıdır. Hadisələrin xarakteri və uşağın həmin hadisələrə məruz qalması da vacib amillərdir. Bəs, bu prosesin onlarda ağır psixoloji iz buraxmaması üçün nə etməliyik?

Psixoloq Xoşqədəm Quliyeva Bizim.Media-ya  bildirir ki, uşaqlara müharibə informasiyalarını qadağan edə bilmərik. Çünki uşağın qadağan olunmuşlara daha çox marağı artır. Həm də məktəb yaşlı uşaq öz tarixini öyrənməlidir.

Vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Amma kiçik yaşlı uşaqlar gördüklərini, eşitdiklərini düzgün dərk etməyə bilər. Ona görə də valideynlərin və yaxın qohumların üzərinə böyük məsuliyyət düşür. Kiçik yaşlı uşaqla düzgün emosional kontaktın qurulması çox vacibdir. 

Psixoloq bildirir ki, hadislərin qızğın dönəmlərində uşaqlar sizə çoxlu suallar verə bilər. Onları çox detallara girmədən cavablandırmaq lazımdır.

“Cəbhə xəttində yaşayan uşaqların valideynləri onlara təlqin etməlidir ki, mən sənin yanındayam, təhlükədə deyilsən. Uşaqlar güvəndə olduqlarını hiss etmək istəyirlər. Onlar bilməlidir ki, bizim güclü ordumuz var. Ordumuz bizi qorumaq üçün çalışır. Uşaqlarla birlikdə bu mövzuda şəkillər çəkib əsgərlərimizə məktub yazmaq onlara yaxşı təsir edə bilər”. 

Xoşqədəm Quliyeva onu vurğuladı ki, hazırda terror nəticəsində evi dağılan ailələr var. O ailələrdə valideynlərlə  də iş aparılmalıdır, çünki onların əhval-ruhiyyəsini  uşaqlara təsiri böyükdür. Ruhdan düşməməlidirlər. Bilməlidirlər ki, bundan da gözəl evləri olacaq.

“Əsgər övladlarına atalarının vətəni azad etmək kimi müqəddəs missiya üçün döyüşə getdiyi izah olunmalıdır. Bayrağa sarılıb atalarına dua edən əsgər övladları hamıya yaxşı təsir edir. Şəhid övladlarının yas, dəfn mərasimlərində iştirakı da onların yaşına uyğun təşkil olunmalıdır. Atalarının qəhrəmanlığından çoxlu söhbətlər aparılmalıdır. Uşaqlara emosiyalarını yaşamağa da imkan vermək lazımdır. Ağlamaq istəyirsə ağlasın, ürəyini boşaltsın. Cünki boğulub qalan emosiyalar gələcəkdə uşağın səhhətində digər problemlər yarada bilər”.

Təranə Mirzəyeva, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin