İntensiv yağışlar ləngitsə də Xaçmazda taxıl biçini davam edir - FOTO

Hazırda oxunan: İntensiv yağışlar ləngitsə də Xaçmazda taxıl biçini davam edir - FOTO

143230

Xaçmaz taxılçıları hava şəraitinə uyğun olaraq arpa biçinini davam etdirirlər. 

Bizim.Media xəbər verir ki, intensiv yağışlar  və iyunun 10-da rayon ərazisində müşahidə edilən güclü külək arpanın biçininin yubanmasına və məhsuldarlığına mənfi təsir etsə də biçin sürətlə aparılır.

Yerli fermerlərin sözlərinə görə, keçən illə müqayisədə məhsuldarlıq aşağı olmaqla yanaşı məhsulun satış qiymətinin ucuz olması da onları narahat edir.

Bildirilir ki, arpanın kiloqramının kombayndan birbaşa satış qiyməti 28 qəpikdir. Halbuki, keçən il bu rəqəm 39 qəpik təşkil edib. Bazarda isə arpanın kiloqramı 30 qəpiyə satılır. Bunu bazar iqtisadiyyatı ilə əlaqələndirən taxılçı fermerlər qiymətlərin daha sərfəli olmasını arzu edirlər.

Qeyd olunur ki, dövlət taxıl əkən kəndliyə subsidiya verir. Bu il hektarına görə taxıla verilən subsidiya 200 manatdan 220 manata  qalxıb. Bu, yaxşıdır ,amma Rusiyadan gətirilən gübrənin qiymətinin bu il  bahalaşması, kisəsinin 85 manata qalxması xərcləri artırır.

Nəzərə alsaq ki, məhsulun yetişməsində Rusiya istehsallı gübrənin səmərəsi böyükdür, bu baxımdan satış qiymətlərinin tənzimlənməsi vacibdir.

Bizim.Media olaraq Xaçmazın Palıdlı kəndində arpa biçinini müşahidə etdik. Məlumata görə, yığım maneəsiz aparılır və texnika sarıdan problem yaşanmır.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib ki, bu il rayonda 20273 hektar sahədə taxıl yetişdirilib.

Bunlardan 13723 hektarı buğdadır. İndiyədək rayonda 4592 hektar sahənin arpası biçilib, məhsuldarlıq isə hektardan 25.76 sentnerdir.

Buğda biçini yeni başlanılıb, bu günə kimi 545 hektar sahənin məhsulu yığılıb. Buğdada isə məhsuldarlıq  30.14 sentner  təşkil edir. Bu, keçən illə müqayisədə aşağı olsa da biçin davam etdiyindən yekun göstərici deyil.

Məhsulun satış qiymətinə gəlincə isə Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bunu bazar tənzimləyir, özəl sahə olduğundan müdaxilə etmirik.

Amma Kənd Təsərrüfatı Nazirliyinə bütün bunlar və fermerləri narahat edən digər məsələlər barədə məlumat verilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin