“Feminizm” əməliyyatının arxasında KİMLƏR durur? – BAŞ REDAKTORDAN

Hazırda oxunan: “Feminizm” əməliyyatının arxasında KİMLƏR durur? – BAŞ REDAKTORDAN

14303

Bu ilin yanvar ayının əvvəlində Britaniyalı nazir Vendi Morton Azərbaycana səfər etmişdi. Bu səfər hər nə qədər Britaniyanın Cənubi Qafqazdakı geosiyasi və enerji maraqları çərçivəsindən qiymətləndirilsə də, bir sıra müəmmalı məqamlar mövcud idi.

Belə ki, Britaniyalı nazirin rəsmi görüşlər zamanı qadın hüquqları məsələsini müzakirə etməsi və bir sıra insan hüquqları fəalları ilə görüşməsi nə üçünsə siyasi analitiklərin nəzərlərindən qaçmışdı.

Müzakirə olunan mövzular əslində çox yox, elə yaxın aylarda Azərbaycana təzyiq vasitəsi kimi istifadə olunacaq istiqamətlərdən xəbər verirdi.
 

Britaniyalı nazirin Azərbaycan səfəri ilə parallel olaraq ölkədə fəaliyyət göstərən feminist qruplar və şəxslər ciddi fəallıq göstərməyə başladı.


Hökümət evinin qarşısında “qadın qətlləri siyasidir” adlı aksiya keçirilməsi ilə gündəmə gələn feminist qruplar əvvəlki illərlə müqayisədə daha ciddi fəallıq nümayiş etdirməyə başlayıb.

Feministlərdən təzyiq vasitəsi kimi istifadə olunması

Vətən müharibəsi dövründə bir ağızdan “sülh tərəfdarı” obrazına bürünən feministlər müharibə əleyhinə şüarlar səsləndirməklə yadda qalmış, Azərbaycanın maraqlarına uyğun hər hansı fəaliyyət icra etməmişdi. Lakin müharibənin bitməsi ilə bu qrupların fəaliyyəti nəzərə çarpacaq dərəcədə artmağa və genişlənməyə başladı. 
 

44 günlük müharibədən sonra isə bu qruplar ciddi şəkildə sosial layihələr üzərində işləməyə başlayıb və bu şəxslər tərəfindən müxtəlif sosial platformalar yaradılıb.


Bu layihələrdə ciddi kontent formalaşdırılması istiqamətində işlər aparılır və bu istiqamətdə fəaliyyət göstərən şəxslərə ciddi maliyyə, texniki avadanlıq dəstəyi təşkil olunur. Bu qrupların və şəxslərin bütün bu maliyyə imkanlarını necə təmin etmələri isə sual altındadır.

Qarabağ münaqişəsini həll etmiş və xarici dövlətlərin əsas təzyiq mexanizmini sıradan çıxarmış Azərbaycan üçün yeni təhlükələrin və təzyiq kanallarının yaradılacağı gözlənilən idi. Görünən odur ki, məhz bu məqsədlə Azərbaycanda son 1-2 il ərzində məqsədli şəkildə feminist qrupların formalaşdırılması prosesi həyata keçirilib. 

Hazırda bu cür qruplar zəruri ehtiyacdan daha çox xarici qüvvələr tərəfindən maliyyələşdirilərək təzyiq vasitəsi kimi istifadə olunur. 

Çünki onların fəaliyyəti və təşkil etdikləri aksiyalar daha çox göstərişə və sosial narazılığa səbəb olur və həlli vacib olan problemlərin aradan qaldırılması ilə əlaqəsi yoxdur. Son vaxtlara qədər bu qruplar ictimai fəallığı ilə seçilib, əksər etiraz aksiyalarının əsasını təşkil ediblər. 

Amma nə üçünsə bu qruplar tərəfindən həyatı xilas edilən qadınların sayı çox azdır. İntihar xəbərləri nəyin gizlədilməsinə xidmət edir?

Azərbaycanda intihar xəbərlərinin ciddi şəkildə və birdən-birə gündəmi zəbt etməsinı təsadüfi hal olaraq qiymətləndirmək o qədər də doğru deyil. 

Keçdiyimiz illərin təcrübəsi bizə təhlükəli mövzuları sıradan çıxarmaq üçün gündəmin süni olaraq dəyişdirilə biləcəyini göstərib. İntihar xəbərlərinin kütləvi tirajlanmasını da bu baxımdan oxumağa ehtiyac var. Əgər dövlət maraqlarına xidmət etməyən, əksinə dövlətə zərər vuracaq məlumatların müəyyən qruplar tərəfindən gündəmə çevrilirsə, deməli kimlərsə ictimaiyyəti fərqli istiqamətə yönləndirimyə çalışırlar.
 

Görülməsi və diqqətə alınmalı olan hansısa məsələ intihar xəbərləri arxasında gizlədilir, gündəm süni şəkildə fərqli istiqamətə yönləndilir.


Bu ilin əvvəlindən etibarən Azərbaycanda keçmiş məmurların vurulması, bəzilərinin həbs olunması məsələsi gündəmə gətirilir və izlər bu gün hələ də vəzifədə olan məmurlara doğru yönəldilir. Lakin qəribə şəkildə gündəm tamamilə dəyişilir və intihar xəbərləri tirajlanmağa başlayır və intihar edən şəxslərin xəbərləri xüsusi qruplar tərəfindən sosial gündəmə çevrilir. Maraqlısı budur ki, nə üçün bu qruplar və onların nəzarətində olan saytların əksəriyyəti məmurların vurulması məsələsini ciddi şəkildə işıqlandırmaq ehtiyacı hiss etməyiblər?

Öz fəaliyyətləri ilə sosial mediada məmurların vurulması məsələsini arxa plana keçirməyə cəhd göstərən bu cür qrupların maliyyələşməsində hansısa maraq qruplarının ciddi rolu olması ilə bağlı şübhələr yaranır.

Aydındır ki, ölkədə sabitliyi pozmaq və hakimiyyətə təzyiq göstərmək məqsədi ilə Azərbaycada feminist qruplara ciddi dəstək verilir və bu dəstək gələcəkdə də verilməyə davam edəcək.
 

Maraq qrupları tərəfindən qadın hüquqları, intiharlar, cinsi ayrıseçkilik kimi amillər daha da şişirdiləcək və bu amillərdən dövlətçiliyə təzyiq vasitəsi kimi istifadə olunacaq.


Bu eyni zamanda mühafizəkar xarakterə malik olan Azərbaycan cəmiyyəti daxilində böhrana və narazılığa da səbəb ola bilər. Çünki bu cür mesajların pərdə arxasında məhz dövlətin zəif olması və intiharların, qadın qətllərinin qarşısını ala bilmədiyi kimi fikirlər aşılanır.

Anar Tahirov, Baş Redaktor 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin