Bakı küçələrində “Moped xofu” – ÖLÜLƏRİN SAYI ARTIR - FOTO

Hazırda oxunan: Bakı küçələrində “Moped xofu” – ÖLÜLƏRİN SAYI ARTIR - FOTO

14273

Bakı şəhərində moped, motosiklet və velosipedlərdən istifadə edərək kuryer fəaliyyəti ilə məşğul olanların sayı kütləvi şəkildə artır. Bu fəaliyyət pandemiya dövründə kütləvi işə çevrildikcə, kuryerlərin ölümü və ya ağır yaralanması ilə nəticələnən qəzaların da sayı artıb.

Qəza xronikasına baxsaq, pandemiya dövründə kuryerlərin ölümü ilə nəticələnən qəzaların sayı az deyil. 2020-ci ilin may ayında "Domino"s Azerbaijan"nın kuryeri sifariş apararkən qəzada dünyasını dəyişib.

Bu hadisədən bir neçə gün sonra "Gənclik Mall"ın qarşısında kuryeri avtomobil vurub. Bir qədər sonra isə "Wolt" şirkətinin əməkdaşı qəzada həyatını itirib. 

Qəzaların baş verməsinin əsas səbəbi kuryerlərin sürücülük vəsiqəsi olmadan idarə etməsi, qoruyucu dəbilqədən istifadə etməməsi və yol hərəkəti qaydalarına məhəl qoyulmamasıdır.

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Adil Nəbiyevin fikrlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında dedi ki, ikitəkərli nəqliyyat vasitəsini sürmək üçün də icazə olmalıdır, bunun təlimini keçməlisən:

“Hər ürəyi istəyən motosiklet və ya moped sürə bilməz. Moped sürmək üçün A1 alt kateqoriyasında olan sürücülük vəsiqəsi olmalıdır. Şirkətdən təlim keçməsilə bağlı sertifikat əldə etməlidir. Və onların həkimlər tərəfindən verilən sağlamlıq haqqında arayışları da olmalıdır”.

Ekspert əlavə etdi ki, moped sürənlərin qəza törətməklərinin əsas səbəblərindən biri də qış təkərlərinin olmamasıdır:

“İkitəkərli nəqliyyat vasitələri qış mövsümü üçün deyil. Belə nəqliyyat vasitələri yağışlı və qarlı hava şəraitində çox təhlükəli olurlar. Bizdə pandemiya dövründə kütləvi şəkildə heç bir təlim keçmədən moped sürənlərin sayı artdı. Onlar harada və necə gəldi, mopedi idarə edirlər. Çoxlarının  sürücülük vəsiqəsi də yoxdur.
 

Mopedi idarə edən  şəxs digər nəqliyyat vasitələrinə cüzi ziyan versə belə birbaşa  özü məsuliyyət daşıyır. Şirkət yalnız onu sığorta edə bilər. Bunu da çox az sayda məsuliyyətli şirkətlər edirlər. Adi tibbi sığortanı edən şirkətlərin də sayı azdır”.


Adil Nəbiyev onu da vurğuladı ki, sürücülük vəsiqəsi olmayıb moped idarə edən şəxs 60, mopedi verən şirkət isə 100 AZN  məbləğində  cərimələnməlidir: 

“Şirkətlərin çoxunun  mopedi yoxdur. Kuryer işləmək istəyən şəxslərin əksəriyyəti öz mopedləri ilə faizə işləyirlər. Ölüm və qəza hallarının qarşısını almaq üçün monitorinq və reydlər keçirmək lazımdır. Onların qanunu şəkildə işləməsini yalnız belə müəyyən etmək olar. Boşluqlar var deyə sui-istifadə halları da qeydə alınır”.

Adlarının çəkilməyini istəməyən bir neçə moped idarə edən şəxslər qeyd edirlər ki, şirkət tərəfindən onlara qoyulan vaxtda ünvana çatmayanda kuryerlərə ödəniş edilmir. Onlar da  çıxış yolunu mopedi necə gəldi idarə etməkdə görürlər.

Bakı Şəhər Dövlət Yol Polisinin Mətbuat Xidmətinin rəhbəri Vaqif Əsədov söylədi ki, cərimə meydançalarında saysız-hesabsız yararsız vəziyyətdə mopedlər var:
 

“Moped idarə edənlər yol hərəkətinin tələb olunan qaydalarını kobud şəkildə pozurlar. Görürlər ki, yolda polis yoxdur, necə gəldi hərəkət edirlər. Hətta  işıqforun qırmızı  işığının tələbinə belə əməl etmirlər.


Moped idarə edənlərə müraciət edib deyirik ki, elə hesab etməyin ki, sizin hərəkətləriniz Gizli qalır. Bakı şəhərində quraşdırılmış kameraların köməyi ilə mopedçilərə nəzarət olunur. Moped sürənlərin nişanları olmadığından elə düşünürlər ki, onları cərimələmək çətindir. Moped sürücüsünün hansı ünvana getdiyi yollar açıq-aşkar görünür.

Məsləhətimiz odur ki, mopedləri təhlükəsiz şəkildə digər yol hərəkəti iştirakçılarına mane olmadan idarə etsinlər. Onsuz da barələrində inzibati tənbeh tədbirləri görüləcək. Özlərinin və başqalarının həyatlarını təhlükəyə atmasınlar”.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin