Vətən Müharibəsində 25 şəhid, ümumilikdə isə 107 şəhid verən Oğuz rayonunda Şəhidlər Xiyabanı 1992-ci ildə yaradılıb.
Xiyabanda 14 şəhid dəfn edilib. Onlardan 5-i Vətən Müharibəsi şəhidinin, 9 nəfəri isə Birinci Qarabağ Müharibəsi və müxtəlif erməni təxribatında həlak olmuş şəhidlərin məzarlarıdır.
Oğuz rayonunda olarkən rayon mərkəzində yerləşən Şəhidlər Xiyabanına baş çəkməyi özümüzə borc bildik və şəhidlərimizi ziyarət etdik.
İlk baxışdan xiyabanın tərtibatı diqqətimizi çəkdi. Şəhidlərə aid xüsusi güşə və lövhələrdən əlavə burada işğaldan azad olunmuş rayonlarımızın adlarına da rast gəldik. Xüsusi olaraq şəhidlərin xatirəsinə həsr olunmuş iki şəhid bulağı da gözümüzdən qaçmadı.
Oğuz Şəhidlər Xiyabanı haqda ətraflı məlumatı isə Oğuz Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Vüsal Əhmədli verib.
Onun sözlərinə görə, xiyabanda 2021-ci ildə yenidənqurma və abadlıq işləri görülüb.Tikinti işləri Oğuz icra hakimiyyətinin təşkilatçılığı və sahibkar Hafiz Mustafayevin dəstəyi ilə aparılıb. Vüsal Əhmədli Oğuz Şəhidlər Xiyabanının 1600 kvadratmetr sahədə yerləşməklə 3 hissədən ibarət olduğunu deyib.
Bunlar 14 şəhidin məzarının yerləşdiyi hissə Azərbaycan bayrağı və məşəl-abidə kompleksi və 107 şəhidin traferitetinin vurulduğu giriş hissədən ibarətdir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu