Yazıçı-jurnalist Kəramət Böyükçöl “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanı ailəsinin dağılmasında ittiham və təhqir edib.
O, həyat yoldaşı Çinarə Böyükçölə (o, artıq Böyükçöl ləqəbindən imtina edib – A.R.) qarşı heç bir zaman zorakı davranışı olmadığını vurğulayıb:
“Xırda ailə problemlərinə görə həyat yoldaşım feministlərlə gizli əlaqə qurdu və ailəmiz dağıldı. Feministlər bizim boşanmağımız üçün ona vəkil tutdu. Məlum oldu ki, mən içib onu döyürəmmişəm... Həmin vəkil də Şəhla Hümbətova idi. Şəhla xanımla görüşdüm, Mehriban Zeynalova zəng elədim.
Heç kimə heç nə izah edə bilmədim və biz axırda ayrıldıq. Bu gün aksiya keçirən feministlərə yazdım ki, elə deyil.
Dedilər, döymüsən, vəssalam...Başa düşdüm ki, bunların işi ailə dağıtmaqdır və mənim keçmiş xanımım, Şamaxının meşələrindən başqa həyatda heç nə görməyib.
Mənimlə ailə quran, sonra ayrılan, Şamaxıya gedən, feministlərin gedib onu Şamaxıdakı ata evindən də qaçırtdığı, bu günsə tək yaşayan, guya feministlərin azadlığa çıxardığı qadın hələ də özünə iş tapa bilmir. Dəfələrlə məndən xahiş edib ki, mənə iş tap. Alınmayıb”, deyə yazıçı özünün “Facebook” hesabında bildirib.
Məsələ ilə bağlı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova Bizim.Media-ya onu təhqir edən yazıçını məhkəmə ilə hədələyib:
“O, məni təhqir etməsinə görə cavab verəcək. Artıq vəkilimin xəbəri var və onu məhkəməyə verəcəyəm. İndi elə müasir zəmandır ki, əlində ailəsini dağıtdığıma dair sübutları varsa, ya Daxili İşlər Nazirliyinə, ya Milli Təhlükəsizlik Xidmətinə, ya da Respublika Prokurorluğuna şikayət versin.
Qoy mənə o sübutları qoysun ki, həyat yoldaşını tanımışam, yazışmışam, onu inandırmışam və boşanmağa təhrik etmişəm. Yaxud boşama prosesində iştirak etmişəm.
O sübutları ilə qarşıma çıxsın və bunu tələb edirəm. Faktları ortaya qoysa, öz günahımı boynuma alaram. Verməsə, onsuz da işi məhkəməyə verirəm”.
Hüquq müdafiəçisi Kəramət Böyükçölün ailəsində baş verənlərdən xəbərsiz olduğunu qeyd edib:
“Ümumiyyətlə onun ailəsi marağımda olmayıb. Qız rəhbəri olduğum təşkilata 2 saatlıq gəıib. Həyəcanlı və gərgin idi. Nə sığınacaqda qaldı, nə də xidmətindən istifadə etdi. Çıxıb getdi. 2 saat ərzində kimisə nə evləndirə, nə boşamağa inandıra bilərəm. İkinci, insan özündəki qüsurları gözrməzdən gəlib, bütün dünyanı günahkar etmək istəyirsə, bu mənim problemim deyil.
Öz problrmlərində, həyatındakı alınmazlıqlarda bütün dünyanı ittiham edir. Heç olmasa bir dəfə dönüb özünə baxsın. Bəlkə bu proseslərdə özünün günahı var? Ailə elə məsələdir ki, onun səbəblərində hər iki tərəf iştirakçı olur. O ailənin problemlərini dərindən bilmirəm.
Ona görə də deyə bilmərəm ki, günahkar odur və ya qarşı tərəfdir. Çünki buna əlaqəm, əlçatanlığım və imkanım olmadı. İstənilən təzyiq görmüş qadın zəng etsə ki, məni buradan çıxar, haqqım yoxdur. Bunun üçün polis və qanun var”.
Mehriban Zeynalovanın sözlərinə görə Kəramət Böyükçöl bununla ikinci dəfədir ki, onu təhqir edir:
“Onlar 3-4 il bundan əvvəl boşanıblar. Bir dəfə də məni təhqir edib. Onu ciddiyə almıram, elə bilir ki, belə də davam edəcək. Öyrəşib camaatı təhqir etməyə... Gündəmə gəlmək istəyir, heç olmaya əsaslı formada və sübutlarla gəlsin”.
Alçina Amilqızı, Bizim.Media