Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında dahi Lider Heydər Əliyevin 100 illiyinə və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbir Quba Rayon İcra Hakimiyyətinin, Xəzər universitetinin, MÜSİAD Azərbaycan təşkilatının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə simpozium iştirakçıları Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edib, Azərbaycan-Türkiyə qardaşlıq parkına baş çəkiblər.
Tədbirin rəsmi hissəsi Türkiyənin və Azərbaycanın Dövlət Himnlərinin səslənməsi ilə başlayıb. Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Simpoziumun plenar bölümündə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, professor, Muhittin Macid, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlı, İstanbul Universiteti Edebiyat Fakültesi Çağdaş Türk Lehçeleri və Edebiyatları başkanı, professor Mehmet Ölməz, MÜSİAD Azərbaycanın başqanı Rəşad Cabirli, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev dahi Heydər Əliyev haqqında məruzə və fikirlərini bölüşüblər.
Tədbirin panel bölümündə də Heydər Əliyevin irsi və həyatı barədə məruzələr dinlənilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhlilin pedaqogikası kafedrasının müdiri, professor Müseyib İlyasov "Heydər Əliyev və gənclərin milli-mənəvi tərbiyə məsələləri", Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov Heydər Əliyev və Azərbaycan elmi", Gömrük Akademiyasının prorektoru, Dr. Araz Aslanlı və başqaları geniş məruzələrlə çıxış ediblər. Simpozium davam edir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu