8 martda toy və şou proqramlara necə icazə verilib? – DİN-dən AÇIQLAMA

Hazırda oxunan: 8 martda toy və şou proqramlara necə icazə verilib? – DİN-dən AÇIQLAMA

14172

Ötən ilin 14 mart tarixindən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib. Artıq bu qadağanın tətbiqindən 1 ilə yaxın vaxt keçib.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il fevralın 1-dən saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub. 

Kütləvi tədbirlərin təşkil olunması ilə bağlı qadağa olduğu halda 8 mart və ondan əvvəlki günlərdə bəzi tanınmış restoranlarda toy, nişan, xınayaxdı və şou-əyləncə proqramları keçirilib.

Belə ki, toy sahibləri və məclisdə iştirak edən qonaqlar sosial şəbəkələrdəki şəxsi hesablarında açıq paylaşımlar ediblər. Videogörüntü və fotrolardan da məlum olur ki, ziyafətlər kafe, restoranların banket və ya karaoke zallarında təşkil edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Deputatdan toyların bərpası ilə bağlı TƏKLİF – “Bu sferada hələ də açılımaya gedilmir”


Qadağa ilə yanaşı pandemiya dövründə karantin davranışlarına da riayət edilməyib. Nə maskadan istifadə edilib, nə də məsafə saxlanılıb.

1 ildir gözləyən yüzlərlə cütlük olduğu halda bayram günlərində bəzi restoranlarda toy mərasimlərinin keçirilməsi narazılıq yaradıb. 

Maraqlıdır, kütləvi tədbirlərə rəsmi qadağa olduğu halda, kiçik ziyafətlərin və ya şou proqramların keçirilməsinə necə icazə verilib? 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Bizim.Media-ya açıqlamasında deyib ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq izolyasiya qaydalarına nəzarət edilir və mövcud normalar çərçivəsində fəaliyyətinə icazə verilən restoran, kafe, ictimai iaşə obyektlərində sosial məsafənin gözlənilməsi, eləcə də bu formada nəzərdə tutulan tədbirlərin tam qaydada həyata keçirilməsi diqqətdə saxlanılır:

“Qaldı ki, digər halda və ya fəaliyyətinə icazə verilən ictimai iaşə obyektində pandemiya şəraitində qaydaların pozulması hallarına, daxil olan hər bir müraciət araşdırılır, müvafiq tədbirlər görülür. Konkret olaraq isə bayram günlərində karantin rejimini və kütləvi tədbirlərin təşkili ilə bağlı qadağanı pozan hallar olarsa, KİV-ə məlumat veriləcək”. 

Qeyd edək ki, martın 1-7-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı restoranlarındakı 22 642 monitorinq həyata keçirib və 1 109 nöqsan aşkar edib.

Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkar edilib.

Ən çox aşkar olunan nöqsan, işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84 %), masa (2 metr) və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmaması - 124 (11%) olub.

Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55316 monitorinq həyata keçirilib və 3210 nöqsan aşkarlanıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin