“Kənd Təsərrüfatı Nazirliyi yerlərdə olan texnika və mexanizmlərin texniki baxışdan keçirilməsi üçün yenidən hərəkətə keçib. Nəzərə alaq ki, ölkə də orta hesabla 200 min civarında kənd təsərrüfatı maşınları var.
Lakin Kənd Təsərrüfatı Nazirliyi hər il ən yaxşı halda 60-70 min maşının texniki baxışdan keçirildiyini deyir. Təxminən 1500 maşın sahibinin də texniki-baxışdan keçmədiyinə görə cərimələdiklərini bildirirlər. Vəssəlam. Bununla iş bitir. Bu da onu göstərir ki, texniki-baxış formal xarakter daşıyır”.
Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
MÖVZU İLƏ BAĞLI:
Ağdaşda Aqrar İnnovasiya Festivalı KEÇİRİLDİ - FOTO
O bildirib ki, texniki-baxış məsələsi sovetlər vaxtından qalmış bir ənənədir:
“Bir çox ölkələr, o cümlədən Gürcüstan bu texnika-baxış məsələsini bir dəfəlik ləğv edib. Çünki, bunun heç bir texniki və iqtisadi səmərəsi yoxdur. Amma bizdə bu ənənə hələ də qalmaqdadır. Guya bəzi dövlət qurumları maşın-mexanizminin hər zaman saz vəziyyətdə olmasına nəzarət edir. Bu isə praktik cəhətdən mümkün deyil.
Çünki, Gədəbəydəki,Lerikdəki və yaxud Qubadakı hansısa ucqar dağ kəndindəki traktorun 50-60 kilometr yol qət edib rayon mərkəzinə gətirilərək texniki baxışdan keçirilməsi real görünmür.
Birincisi ona görə ki, 50-60 kilometr yol qət etməsi üçün həmin traktora ən azı 50-60 manat xərc çəkilməlidir. Digər tərəfindən tırtıllı texnikaların asfalt yolların üzərində hərəkəti qadağan edilib. Ona görə də Nazirliyin texniki-baxışla bağlı açıqlaması formaldır”.
Akif Nəsirli bir məsələni də qeyd edib ki, sovetlər vaxtı texniki baxış keçirən qurumun da, texniki baxışdan keçməyən sürücünün də məsuliyyəti var idi:
“Amma indi yalnız bir tərəf-maşın sahibi məsuliyyət daşıyır. Amma Sovet vaxtı belə idi ki, texniki-baxışdan keçən maşın qəza törətdikdə ona texniki sazlıq haqqında arayış verən qurumdan da hesab sorulurdu. Deyirlərdi ki, nə cür baxış keçirmisən ki, maşın gedib belə qəza törədib. Bir daha deyirəm ki, texniki-baxış formal bir şeydir. Və onun ləğv edilməsi çoxdan çatıb”.
Surxay Atakişiyev, Bizim.Media