Çirkab sularının dənizə axıdılmasında MÜQƏSSİR KİMDİR? – ARAŞDIRMA 

Hazırda oxunan: Çirkab sularının dənizə axıdılmasında MÜQƏSSİR KİMDİR? – ARAŞDIRMA 

141397

Çimərlik mövsümünə rəsmən start verilməsə də, havaların isti keçməsi insanların yolunu ora salır. Hər il çimərlik zonaları ilə bağlı müvafiq qurumlar tərəfindən monitorinqlər aparılır və çimərliklərin sanitariya vəziyyəti öyrənilərək, təhlükəli sahillərin siyahısı açıqlanır. 

Artıq uzun illərdir ki, eyni çimərliklərin təhlükəli olduğu barədə rəsmi qurumların rəyi açıqlanır və insanların həmin çimərliklərə getməsinə məhdudiyyət qoyulur. Amma monitorinqi aparan qurumlar nədənsə çimərlik zonalarındakı antisanitariyanın, dəniz suyunun bakteroloji göstəricilərə malik olmasının və insanların təhlükəsiz istirahəti üçün heç bir tədbir görmürlər. 

Onların işi sadəcə çimmək qadağası qoymaq və bu əraziləri sadalamaqla kifayətlənir. Nə əhalinin sağlamlığı üçün təhlükə yaradan amillərin qarşısını almaqda maraqlıdırlar, nə də ölkənin təbii sərvəti olan Xəzər dənizindən ürəkdolu ilə istifadəyə şərait yaradırlar.
Bir qayda olaraq 2023-cü ilin yay mövsümünə hazırlıqla əlaqədar Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin birgə monitorinqi aparılıb. 

Məlum olub ki, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Goradil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsindədir. 

Amma Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, habelə Sumqayıt şəhərinin çimərliklərinin sanitariya-mühafizə zonalarında, eyni zamanda respublikanın sahil zolağının şimal bölgəsinin Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərlikləri mövcud normativlərin tələblərinə cavab vermir. 

Həmin ərazilərdə dəniz suyu tullantı və çirkab suları ilə intensiv çirklənir.  

Məlumatdan da göründüyü kimi, nə çirkab və kanalizasiya suları ilə çirkləndirilən dəniz suyu müvafiq qurğularla təmizlənir, nə də ümumiyyətlə çirkab suların dənizə axıdılmaması üçün lazimi tədbirlər görülür. 

Bu məsələdə ən ciddi problem Bakıətrafı qəsəbələrdə tikintisi çoxalan fərdi evlərin heç birinin kanalizasiya xətlərinin mövcud olmamasıdır. Əhali kanalizasiya xətti olmayan evlərə əncam çəkilməsi üçün “Azərsu” ASC-ni, “Azərsu” isə vaxtilə pərakəndə torpaq satışı həyata keçirdikləri üçün yerli icra hakimiyyəti orqanlarını və bələdiyyələri günahlandırır. 

Həlli tapılmayan məsələnin acı nəticəsini isə yenə sadə insanlar çəkir...

Bəs, Xəzər dənizi tam təhlükəsiz formada nə vaxt əhalinin ixtiyarına veriləcək? Bu məsələdə cavabdeh olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, “Azərsu” ASC və Bakı Şəhər İcra Hakimiyyəti addım atacaqmı? 

AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında çirkab suların təmizləyici qurğulardan keçmədən dənizə axıdılmasının, eləcə də bunun qarşısının alınması üçün heç bir tədbir görməyən qurumların cəzalandırılmasını tələb edib:

“Sovet dövründən üzü bəri mən çimərlik görmürəm. Niyə yalnız bizim çimərliklərimiz xəstəlik mənbəyidir? Haradan gəlib bu xəstəlik? Dəniz niyə təmizlənmir? Yox əgər təmizlənirsə, haradan yaranır bu təhlükə? Niyə cəza tədbiri görülmür ki, “Azərsu” ASC kanalizasiya-su sistemindən vaxtilə milyardlarla pul yığıb, amma təmizlənməmiş kanalizasiya suyunu dənizə buraxır? Bu suallara cavab verilməlidir. 

Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir. Bu dənizin balığı, istirahət üçün mənbələri olmalıdır. Dünyanın sahil xəttləri boyunca dənizlərin kənarlarında ən gözəl kurort şəhərcikləri salınıb. Xəzər dənizinin sahilində də digər ölkələrdən daha gözəl istirahət sahələri yaratmaq mümkündür. 

Bu istirahət təkcə özümüzü deyil, xarici ölkələrdən milyonlarla turistləri bura cəlb etmək fürsəti yaradır. Hansı ki, bu, ölkəyə milyonlarla valyuta axını deməkdir. Vaxtilə Sovet dövründə Xəzər dənizinin sahilində istirahət mərkəzləri yaradılırdı. Təssüf ki, bu, alınmadı və SSRİ dağılandan sonra isə bu məsələ tamamilə yaddan çıxdı”.  

Ekspertin sözlərinə görə hər il yay mövsümü başlayan kimi məlumatlar yayılır ki, filan çimərliklərdə çimmək qadağandır:

“Halbuki digər ölkələrdə ilboyu təhlükəli çimərliklərlə bağlı konkret addımlar atılır. Əhalinin 4 milyonu Abşeron yarımadasına yerləşdirilib. Xəzərin balığını tutmaq olmaz, çimərliyində çimmək olmaz, hər əraziyə getmək olmaz. Bəs bu, dəniz nə üçündür? Niyə bizdən qat-qat zəif olan ölkələrin sahil xəttlərindən götürdükləri milyonlardan özümüzü məhrum etməklə bərabər, həm də xəstəlik mənbəyinə çeviririk?  

Bu ərazilərdə yaxın vaxtlarda dövlət mütləq mənada müəyyən qərarlar qəbul etməlidir. Sahillərin hamısı gigiyenik və sanitariya normalarına cavab verməlidir. Sahildə başlamış tikinti və hasarlamaların hamısı ləğv olunmalıdır. Əhalinin Sovet dövründə olduğu kimi normal istirahəti təmin edilməlidir. 
Ən ağrılı məsələ kanalizasiya sularının dənizə axıdılması məsələsidir. Axı çirkab suları gözəl ekosistemi olan Xəzər dənizinə niyə axıdılmalıdır? Bu gün “Azərsu” ASC Bakıda yaşayan 4 milyon əhalidən həm su, həm də kanalizasiya xidmətinə görə pul yığıb. Milyardlarla yığılan bu pullar hara xərclənib? Niyə onların şəffaflığı yoxlanılmır? Niyə çirkab sular müəyyən qapalı sistemdə yığılıb ümumi sahədə və zavodlarda təmizləyici qurğulardan keçirilmir? 

Fərdi qaydada təbii ki, bu qurğuları qurmaq çətindir. Bəlkə də hansısa ölkənin təcrübəsində bu var. İstənilən halda kanalizasiya suları təmizləyici qurğudan keçirilərək dənizə buraxılmalıdır. Bu gün bizi çimmək qorxusu ilə üz-üzə qoyan və başqa ölkələrə aparan məmurlara cəza verilməlidir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin