Laçın Ailə Sağlamlıq Mərkəzi İSTİFADƏYƏ VERİLDİ - FOTO 

Hazırda oxunan: Laçın Ailə Sağlamlıq Mərkəzi İSTİFADƏYƏ VERİLDİ - FOTO 

141390

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə verilib. 

TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, ümumi sahəsi 299.50 m2 olan mərkəz 1-i 5 çarpayılı stasionar olmaqla, ümumilikdə 15 otaqdan ibarətdir. 

Mərkəzdə həkim otağı, tibb bacısı otağı, prosedur-sarğı otağı, peyvənd və körpə/uşaq izləmə otağı, körpə baxımı və ana südü ilə qidalanma otağı, hamiləliyə nəzarət və reproduktiv sağlamlıq otağı, 5 çarpayılı gündüz stasionar otağı, yuma sterilizasiya otağı, laboratoriya xidmətləri otağı, təsərrüfat otağı və mətbəx mövcuddur.

Bu otaqların hər biri texniki standartlara uyğun olaraq instrumental və laborator diaqnostik avadanlıqlarla, o cümlədən ultrasəs müayinə cihazı, portativ rentgen, elektrokardioqraf, əməliyyat masası, ginekoloji müayinə masası və sair cihaz və avadanlıqlarla təchiz edilib. 
Burada ilkin cərrahi müdaxilələr üçün cərrah, travmatoloq, ailə həkimi-pediatr, ailə həkimi-terapevt, həkim-mama ginekoloq, mama, tibb bacısı, laborant olmaqla tibbi heyətin fəaliyyət göstərməsi, eyni zamanda zərurət olarsa, səyyar tibb xidmətlərin təşkili nəzərdə tutulub. 

24/7 tibbi xidmətin təmin edilməsi məqsədilə TƏBİB tərəfindən 2 ədəd tam təchizatlı təcili tibbi yardım avtomobili Laçın Rayon Mərkəzi Xəstəxanasına təhkim olunub. 

Bu il mayın 28-dən iyunun 2-dək Laçın Ailə Sağlamlıq Mərkəzində 53 müraciət əsasında tibbi xidmət göstərilib. 

Laçın Ailə Sağlamlıq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzurun inkişafına təkan verən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq yaradılıb. Dövlət Proqramında qeyd edilən tapşırığın icrası məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cari ilin 18 may 2023-cü il tarixindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonu ərazisində TƏBİB-in tabeliyində olan Laçın Rayon Mərkəzi Xəstəxanasının strukturunda Laçın Ailə Sağlamlıq Mərkəzinin qurulması üzrə işlərə start verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin