Ötən ildən Bakıda fəaliyyətə başlayan ermənilərə məxsus taksi şirkəti "Yango" ilə bağlı məsələ yenidən aktuallaşıb. Erməni rəhbərliyi altında Bakıda milyonlar qazanan düşmən xalqın nümayəndəsinə məxsus şirkətin paytaxtdan yığışdırılması təklif olunur. Artıq sərnişinlər arasında da bu taksi xidmətindən imtinaya başlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda taksi qiymətləri BAHALAŞACAQ - RƏSMİ
Üstəlik, Ermənilərə Azərbaycanda iş qurmağa fürsət yaradan və dəstək olanların kim olması yenidən ictimaiyyətin marağına səbəb olub. Ölkədə kifayət qədət taksi xidmətləri olduğu halda başında erməni dayanan şirkətlərə yaşıl işığın yandırılması ciddi suallar doğurub.
Maraqlıdır, başında erməni dayanan şirkətlərin Azərbaycanda fəaliyyəti necə mümkün olub?
Yol-nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında bildirib ki, belə şirkətlərin ölkəyə girişinə əvvəldən nəzarət olunmalı idi:
“Belə çıxır ki, ölkədə nəzarət mexanizmi zəif olub. Yaxud da bu şirkət hansısa yollarla və rəsmi rəhbərliyini başqa cür təqdim etməklə Azərbaycana daxil olub. Hər bir halda bu məsələlər əvvəlcədən tənzimlənməli idi. Problem ondadır ki, özümüzün yerli şirkətləri ola-ola başqa operatorlar ölkəyə daxil olur və konkret olaraq düşmən ölkənin rəhbərliyi altında yerli vətəndaşlarla hansısa formada, əsasən də Rusiya üzərindən əlaqə qurulur.
Beləliklə Azərbaycanda qazanılan pullar hansısa erməninin cibinə gedir. Təbii ki, “şirkətıəri ölkədən qovaq”anlayışından uzağam. Sadəcə olaraq məsələni elə formada tənzimləmək lazımdır ki, o şirkətlər Azərbaycanda yerli şirkətlərlə əvəz olunsun. Sözsüz ki, yerli şirkətərimiz də öz üzərlərində bir qədər çalışmalı və müəyyən bir sistem qurmalıdırlar. “Standart olaraq qısa nömrə alım və taksi xidməti göstərim”deməklə iş bitmir. Başqa bir şirkət bazara daxil olur və adamı çökdürür”.
Ekspert hesab edir ki, qeyd edilən şirkətlərlə bağlı hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlar araşdırma aparmalı, həll yollarını göstərməlidirlər:
“Bu şirkətlər ölkədə qalmalı, yaxud qalmamalıdır? Buna cavabdeh qurumlar qərar verməlidir. Yenə də sual yaranır, bu şirkətlər Azərbaycana necə daxil olub? Bu gün istənilən şəxs bahalı bir boyunbağını Azərbaycana keçirmək üçün gömrükdə müəyyən sənədlər təqdim edir. Amma nəhəng bir şirkət ölkəmizdə ofis qurur və fəaliyyət göstərir, bundan heç kimin xəbəri olmur? Bu, mümkünsüzdür...”
Məlumat üçün bildirək ki, "Yango" şirkəti Bakıda 2022-ci ilin iyul ayında taksi fəaliyyətinə başlayıb. “Yango” "Yandex Taxi” şirkətinin törəməsidir və rəhbəri Bakıda milyonlar qazanan Tiqran Xudaverdyan adlı etnik ermənidir. Şirkət Rusiya şirkəti olsa da, rəhbər vəzifələri çox sayda erməni əsilli rus vətəndaşları tutur.
Bu şirkət zaman-zaman Azərbaycanda fəaliyyət göstərmək üçün cəhdlər edib. Müəyyən dövr ərzində şirkətin Bakıya yol açmaması üçün maneələr yaradılsa da, sonradan nə sirrdirsə, “Yango” bazara daxil ola bilib.
Məlumatlara görə, bu şirkət Azərbaycanda vergi vermir.
"Yandex.Taxi" və "Uber" 13 iyul 2017-ci il tarixində Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan və Rusiyada taksi fəaliyyətlərini birləşdirmək üçün müqavilə imzalayıb. Bu birləşmə qərarından sonra "Yandex" 100 milyon dollar və "Uber" 225 milyon dollar sərmayə qoyub və bu ortaqlıq nəticəsində ümumi dəyəri 3,8 milyard dollar olan yeni bir şirkət qurulub.
Yeni şirkətdəki ortaqlıq payları; Yandex 59,3%; Uber% 36,6, qalan 4.1% işçilərə məxsusdur. Yeni şirkət Tiqran Xudaverdyan tərəfindən idarə olunur. Hansı ki, 44 günlük müharibə zamanı Tiqran Xudaverdyan özü erməni millətçilərinə maliyyə dəstəyi göstərirdi. İddialara görə o, ölkəmizdə qazandığı puldan erməni separatçılarına yardım göndərir.
Alçina Amilqızı, Bizim.Media