Sabunçuda sudan qanunsuz istifadə halları aşkarlanıb - FOTO/VİDEO

Hazırda oxunan: Sabunçuda sudan qanunsuz istifadə halları aşkarlanıb - FOTO/VİDEO

140771

Prezident İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir.

Sabunçu rayonunda həyata keçirən nəzarət tədbirləri nəticəsində bir sıra kommersiya obyektlərində və fərdi yaşayış evlərində sudan qanunsuz istifadə halları aşkarlanaraq qarşısı alınıb. 

Dövlət Su Ehtiyatları Agentliyindən Bizim.Media-ya bildirilib ki, Sabunçu rayonu Maştağa qəsəbəsi, Bağlar massivində fərdi evlərin tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilmiş 40-a yaxın həyət evində içməli sudan qanunsuz istifadə edildiyi aşkarlanıb.

Belə ki, bu evləri tikən şəxs magistral su kəmərinə özbaşına qoşularaq 50 mm diametrli paylayıcı su xətti çəkib. Sudan qanunsuz istifadəyə görə evlərin su təchizatı dayandırılsa da ev sahibləri kəsilən su xəttini birləşdirərək sudan qanunsuz istifadəni davam etdiriblər. 
Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yerləşən istixanada da suyun talanması faktı aşkarlanıb. Məlum olub ki, istixananın sahibi 50 mm diametrli boru vasitəsilə yaxınlıqdan keçən magistral xəttə birləşmə edərək suyu talayıb. 

Aparılan nəzarət tədbirləri nəticəsində məlum olub ki, Bilgəh qəsəbəsi Salamzadə küçəsində yerləşən avtoyuma məntəqəsi və servis mərkəzi texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz istifadə edib. Obyektlərə özbaşına çəkilmiş su xətləri və ehtiyat su çəninin doldurulması faktı aşkar edilib. 

Aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt və mənzil sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur.

Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunacaq, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunacaq. 
Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında 7316, Sabunçu rayonunda isə 2053 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. 
 









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin