Cərimələrin artırılmasına ETİRAZ – “Bununla qəzaların sayını azaltmaq olmaz”

Hazırda oxunan: Cərimələrin artırılmasına ETİRAZ – “Bununla qəzaların sayını azaltmaq olmaz”

140255

Son 10 ildə avtomobil yollarında qəzaların  və ölüm hallarının azaldılması üçün müxtəlif tədbirlər görülür. İlk dəfə 2014-cü ildə Rusiya istehsalı olan avtomobillərin idxalına qadağa qoyuldu. Çünki, Rusiya avtomobillərində təhlükəsizlik yastığı və ABS sistemi yox idi. Lakin bu tədbir elə bir səmərə vermədi. Bundan sonra inzibati cəza tədbirləri gücləndirildi. Qayda pozuntularına görə cərimələrin həcmi artırıldı.

Bu ilin əvvəlində isə paytaxtın əksər küçə və prospektlərində sürət həddi aşağı salındı. Lakin, bütün bu tədbirlərə rəğmən hər gün ölümlə nəticələnən avtoqəzalar olur. Bu günlərdə isə parlamentdə İnzibati Xətalar Məcəlləsi yenidən müzakirəyə çıxarılıb. Deputatlarımız sürət həddini aşmaya görə cərimələrin həcmini yenidən artırmaq istəyirlər.

Bəs, bu cür inzibati tədbirlər avtoqəzaların azalmasına səbəb olacaqmı?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, indiki vaxtda inzibati yolla heç bir problemi həll etmək olmaz:

“Zaman dəyişib. İnsanlar inzibati metodlardan bezib. Maarifçilik ənənələrinə sadiqlik nümayiş etdirirlər. Yəni avtoqəzaların sayını azaltmaq üçün cəza tədbirlərini artırmaq yox, sürücülərin savadlılığının artırılmasına çalışmaq lazımdır. Bu gün çoxlarının necə sürücülük vəsiqəsi əldə etdiyini hamı yaxşı bilir. Ən adi yol hərəkət qaydasını bilməyən sürücü isə potensial qəza törədicisidir. Çünki, sürücülük vəsiqəsi alanda ondan yol hərəkəti qaydasını necə bildiyi soruşulmayıb. 

Ona görə də avtoqəzaların sayı günbəgün artır. Biz bu faciənin qarşısını almaq istəyiriksə, hökmən sürücülük vəsiqəsinin alınması prodsedurunu şəffaflaşdırmalıyıq. Hər kəs savadına və biliyinə görə sürücülük vəsiqəsi almalıdır”.

Əhməd Qəşəmoğlunun digər bir təklifi ondan ibarətdir ki, yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücüyə cərimə yazmaqla yanaşı, onu yenidən təhsilə yönəltmək lazımdır ki, gedib oxuyub yol hərəkəti qaydasını öyrənsin:

“Nə qədər ki, sürücülərimiz zəruri qaydaları bilmirlər, o qədər də avtoqəzalar qaçılmaz olacaq. Və bu qəzaların qarşısını heç bir cəza tədbiri ala bilməz. Çünki, dahi Nizami demişkən, “qüvvət elmdədir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin