Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsini təmir edib.
Bizim.Media xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, uzunluğu 1300 metr, ortalama eni 6 metr təşkil edən sözügedən küçədə təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 700 p/metr bordür daşları yenilənib, 560 kvadratmetr piyada səkiləri bərpa olunub.
Küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılıb.
Yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri yekunlaşdıqdan sonra qazılmış hissədə əks-dolğu işləri icra olunaraq küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib.
Təmir işləri çərçivəsində küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də yerinə yetirilib.
Sonda isə üfüqi nişanlanma xətləri çəkilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.
Bizim.Media