Uşaqlarınızı tədrici ölümdən qoruya biləcək - 9 QAYDA

Hazırda oxunan: Uşaqlarınızı tədrici ölümdən qoruya biləcək - 9 QAYDA

13986

Rəngli ölümlərlə sevərək oynayan körpələrimizi qorumaq üçün valideynlərin bir qədər məsuliyyətli olmağına ehtiyac var. Həm oyuncaqlara elmli yanaşmaq, həm də psixoloji məqamları nəzərə almaq çox vacibdir.

Oyuncaq körpələrin gündəlik məşğuliyyəti ilə yanaşı həyatlarının bir parçasıdır. Uşaqlar günlərinin çox hissəsini rəngli dünyalarını daha da canlandıracaq və sehir rolunu oynayan oyuncaqlarla keçirirlər.

Amma istehsal zamanı tərkibinə zəhərli qatqılar əlavə olunan bu oyuncaqların körpələrə nə qədər təhlükə saçdığı heç kimə sirr deyil.

Araşdırmalar zamanı məlum olub ki, daha çox Çin istehsalı olan oyuncaqların istehsalında istifadə olunan zəhərli maddələr sonsuzluğa, xərçəngə səbəb olur, dəri xəstəlikləri və leykoz riskini artırır.

Azərbaycanda oyuncaqlarla bağlı yerli istehsal demək olar ki, yoxdur. Ekspertlər bunun səbəbini oyuncaq istehsalı ilə bağlı mexanizmin olmamasında görürlər. Olsa belə xammalı xaricdən gətirilir.

Bu da oyuncaq istehsalında istifadə olunan mal və materailların keyfiyyətliliyinə zəmanət vermir.

Yerli bazar tələbatının ödənilməsi üçün oyuncaqlar xaricdən, daha çox Çin olmaqla, Avropa ölkələri və Rusiyadan gətirilir. Problem təkcə Çin mallarında deyil. Azərbaycan bazarında Çin istehsalı olan oyuncaqlarla yanaşı, mənşəyi naməlum olan keyfiyyətsiz, zərərli oyuncaqlar kifayət qədərdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin 1 iyul 1993-sü il tarixdə çıxardığı 343 saylı sərəncamına əsasən, uşaq oyuncaqları sertifikasiyadan keçməsi vacib olan məhsullar və xidmətlər siyahısına daxildir.

Bazara daxil olmazdan öncə bu məhsullara keyfiyyət sertifikatı verilməlidir. Yəni oyuncaqlar bazara daxil olmazdan əvvəl keyfiyyət sertifikatı almalıdır.

Amma bəzi mağazalar keyfiyyətsiz və mənşəyi bilinməyən oyuncaqlarla doludur. Bu oyuncaqlar nə sertifikasiyadan keçir, nə də istehlakçı aldığı oyuncaqğın təhlükəsizliyini sorğulayır. Nəticədə isə əziyyəti körpələr və kiçik yaşlı uşaqlar çəkir.

Düzdür, Dövlət Karantin Müfəttişliyi toksikoloji və kimyəvi tərkibli uşaq oyuncaqlarının ölkəyə gətirilməsinə qadağa qoyub.

Amma hələ də uşaqların səhhətinə təhlükə yarada biləcək oyuncaqlara rast gəlmək mümkündür.

Bəzi mütəxəssislər hesab edir ki, oyuncağın sertifikatı olsa da, o zərərlidir. Yəni, sertifikat məsələsi yetmir. Uşağın sağlamlığı əsas tutulmalı və bu sahədə qanunu sərtləşdirmək lazımdır.

Xüsusən, uşaqların sağlamlığına ziyan vuran oyuncaqların bilərəkdən, məsuliyyət daşımadan Azərbaycan bazarlarına daxil edilməsində günahkar olan sahibkarlar cəzalanmalıdır.

SSRİ dövründə oyuncaqlar və uşaq ləvazimatları əsasən yerli istehsal gücünə təmin olunurdu. Az bir qism xaricdən idxal olunurdu ki, onların da tərkibi və keyfiyyəti ciddi yoxlanılırdı. Lakin Sovet İttifaqının dağılmasından sonra MDB məkanı bir sıra ölkələrin kimyəvi zavodlarının təhlükəli tulantılarından hazırlanmış məhsulların münbit bazarına çevrildi. Bu problem Azərbaycanda özünü daha qabarıq göstərir.

Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında deyib ki, təmsil etdiyi Birliyə gələn şikayət və təhlillər göstərir ki, uşaq oyuncaqlarının təxminən 70 faizi heç sertifikasiyadan keçmir.
 

“İstehlakçılar bilməlidir ki, uşaq oyuncaqları Nazirlər Kabinetinin 343-cü qərarına görə məcburi sertifikatlaşdırılan mallar siyahısındadır. Uşaq oyuncaqları bazara daxil olmazdan əvvəl dövlət orqanları tərəfindən hər partiyadan nümunələr götürülməli, yoxlanılmalı, təhlükəsizliyini təmin edən sertifikasiya verilməli, ondan sonra bazara buraxılmalıdır.


Müvafiq qanunlarda göstərilir ki, məcburi tələb olunan mal əgər sertifikatlaşdırılmayıbsa, onun satışı da, reklamı da qadağandır. Ölkədə yaradılan azad bazar iqtisadiyyatından və biznes rahatlığından sahibkarlar son dərəcə sui-istifadə edir.

O cümlədən uşaq oyuncaqları biznesi ilə məşğul olanlar haradan və necə gəldi, sertifikatlaşmadan keçmədən bu malları bazara daxil edirlər. Çindən, Rusiyadan və Hindistandan Azərbaycana keyfiyyətsiz və təhlükəli uşaq oyuncaqları daxil olur ki, körpələrinn tədrici zəhərlənməsi gedir”.

QHT rəhbəri istehlakçılara uşaq oyuncaqları alarkən bu hallara xüsusilə diqqət yetirmələrini tövsiyə edib:
 

“İstehlakçılara məsləhət görürəm ki, uşaq oyuncaqları alan zaman satıcıdan malın sertifaktlaşdırılması haqqında sənəd tələb etsinlər. Bu çox vacib məsələdir. İkincisi dükana daxil olanda pis qoxu və plasmas iy vurursa, demək ki, həmin mağazada təhlükəli uşaq oyuncaqları var.


Üçüncüsü, ağ dəsmalı nəm edib oyuncağa çəkin, əgər plasmasdan, yaxud dəmirdən rəng çıxırsa, belə olyuncaqları almaq məsləhət deyil. Çünki rənglərin tərkibində ağır metallar var, uşaqlar isə oyuncaqları ağızlarına alırlar. Bu isə onların tədricən zəhərlənməsinə səbəb olur.

Bundan əlavə, əgər tüklü oyuncaqların tükləri qopursa, bunları almaqdan imtina edin. Oyuncaqlarda iti sonluqlar, uşaq burnunda, udlaqda qala bilən yad cisim varsa, belələrini dəı almaq düzgün deyil. Bir sözlə oyuncaq biznesində bazarın liberal şəraitindən sahibkarlar gen bol istifadə edir və nəticədə istehlakçıların hüquqlarını pozurlar”.

Eyyub Hüseynovun sözlərinə görə hazırda Nazirlər Kabinetinin 343-cü qərarı demək olar ki, işləmir:

“Uzun illərdir bazara nəzarət edən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına nəzarət Dövlət Xidməti bu sahəyə diqqət yetirmir. Orada rəhbərlik dəyişib.
 

Düşünürəm ki, yeni rəhbərlik bu məsələlər diqqət yetirəcək. Yeni rəhbərliyə böyük ümidlərlə baxırıq ki, uşaq oyuncaqlarının təhlükəsizliyini təmin etmək üçün müəyyən işlər görüləcək”.


Onu da bildirək ki, mütəxəssislər oyuncaqların yaş qrupuna görə seçilməsini vacib sayırlar. Çünki 1-3 yaşlı körpənin 7-8 yaşlı uşağın oyuncaqları ilə oynaması onun təhlükəsizliyi, sağlamlığı baxımından əlverişli deyil. Körpələr bu oyuncaqlarla sağlamlıqlarına zərər yetirə bilərlər.

Bütün bunları nəzərə alaraq aşağıdakı 9 qaydaya fikir vermək lazımdır:

1.Üzərində təhlükəsiz olduğunu sübut edən müəyyən nişanələr olmayan oyuncaqlar alınmamalıdır.

2.Oyuncaq seçərkən istifadə qaydaları diqqətlə oxunmalı və uşaqlara ətraflı şəkildə başa salınmalıdır.

3.Oyuncağın yerləşdiyi qablaşdırma istehsalçı məlumatları ilə tanış olduqdan sonra atılmalıdır. Uşağın təhlükəsizliyi üçün onun oyuncağın qabı ilə oynamasına icazə verməyin.

4. Körpənizin oyuncaqlarını mütəmadi olaraq yoxlayın, qırılmış oyuncaqları atın.

5.Oyuncaq uşağın yaşına görə seçilməlidir.

6.Oyuncaqlar tez-tez təmizlənməlidir. Xüsusilə birdən çox uşağın istifadə etdiyi oyuncaqların təmizliyinə diqqət yetirilməlidir.

7.Uşaqların təhlükəsizliyi üçün ona oynadıqdan sonra oyuncaqların yığışdırılmalı olduğu mütləq başa salınmalı və buna riayət etməsinə nəzarət olunmalıdır.

8. Yaş qrupları bir-birindən fərqli uşaqlar oyuncaqlarla oynayarkən onlar mütləq müşahidə edilməlidir. Əks halda yaşca böyük olan kiçiyə müəyyən xəsarət yetirə bilər.

9. Bu oyuncağın uşağın sağlamlığı üçün təhlükəli olduğunu düşünürsünüzsə, mütləq müvafiq qrumlara məlumat verilməlidir. Çünki siz həmin təhlükəni gördüyünüz halda, digər valideyn məsələyə daha az diqqətli yanaşıb bunu görməyə bilər. Bu isə yalnız sizin övladınızın deyil, bir neçə uşağın sağlamlığını təhlükəyə atmaq deməkdir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin