Əvvəl gül toplayır, sonra bol məhsula görə DUA EDİRLƏR – Zaqatala plantasiyalarından FOTOREPORTAJ

Hazırda oxunan: Əvvəl gül toplayır, sonra bol məhsula görə DUA EDİRLƏR – Zaqatala plantasiyalarından FOTOREPORTAJ

139723

Hər bir işin min əziyyəti var. Lakin səhər, dan yeri ağaranda sulu və şehli kollardan qızıl gül ləçəyi toplayıb onu kiloqrama çatdırmaq sizlərə elə də asan gəlməsin. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Zaqatala rayonunda ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür.

Son illər rayonda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Aprel ayının sonlarından başlayan gül yığımı bu günlərdə artıq başa çatmaq üzrədir.

151 hektar və hədəf: 650 ton

Gül plantasiyaları rayonun Aşağı Tala kəndinin ərazisində yerləşir. Burada 151 hektar “Dəməşq qızılgülü”, həmçinin 33,5 hektar lavanda və nanə plantasiyaları mövcuddur. Sahələr tam olaraq damcı suvarma sistemi ilə suvarılır. Bu, bitkinin məhsuldarlığına müsbət təsir göstərməklə yanaşı, torpaqların erroziyadan və şoranlaşmadan qorunmasına, su ehtiyatlarından daha qənaətlə istifadə olunmasına zəmin yaradır. 

Öyrənirik ki, ki, burada daimi 50, mövsüm başlayanda isə 1600 nəfərdən artıq insan işlərə cəlb edilir. Mövsüm başlayandan isə 600 tona yaxın gül ləçəyi toplanaraq plantasiyanın yaxınlığındakı müəssisədə emal olunub.  

Hər kəndin öz briqadası, hər briqadada 50-60 nəfər.

Sahələrdə rayonun əksər kənd və qəsəbəsindən burada briqadaların çalışdığını görmək mümkündür. Həmsöhbətimiz Nüşabə İsayeva artıq illərdir burada çalışan ən təcrübəli gülçülərdən sayılır.

Bu xanım rayonun ucqar Kəpənəkçi kəndindən gəlir və mövsüm ərzində 50 nəfər gülyığanlar briqadasına rəhbərlik edir. Deyir ki, çətindir amma onlar artıq öyrəniblər: 

“Burda hamı bir ailə kimidir. Yeri gələndə bütün biriqada köməkləşib problemlərini həll edir”. 

Plantasiyada növbəti sıraya - onların dili ilə desək, gərçəyə daxil olmaqla həm də başqa bir komandanın üzvləri ilə qarşılaşırıq. Gəldiyimiz məkan isə Yengiyan kənd gülyığanlarına həvalə olunub. Mövsümün başa çatmasına hələ bir neçə gün qalsa da hər kəs səylə, yığdığı ləçəkləri zədələmədən təhvil verməyə çalışır.

Bu dəstəyə rəhbərlik edən Firuzə Əlixanova deyir ki, işləri səhər tezdən, gün çıxan kimi başlayır: 

“Bu zaman gül şehli olur və əsas məqsəd də onun ləçəklərinin şehli yığılmasıdır. Çünki temperatur 25 dərəcədən yüksələn kimi ləçəyin efiri dağılıb gedir”. 

Firuzə xanımın sözlərinə görə, mövsüm ərzində elə insanlar var bir ton məhsul yığmağa nail olub. 

Bu halal, zəhmət insanlarının çəkdiyi əziyyəti onların əllərində xüsusən baqmaqlarında görmək, hiss etmək mümkündür. Belə ki, tikanlı gül kolları onların barmaqlarının başlarını codlaşdırıb. 

Yaşadılan ənənə - el bayramları

İşimizi tamamlayıb sahədən ayrılmaq istəyirdik ki, Danaçı kənd briqadasından maraqlı bir dəvət aldıq. Belə ki, həmin briqada artıq mövsümü rekord gül yığımı ilə başa vurub və bu münasibətlə hədik bayramı təşkil edibmiş. Doğrusu əsl məhsul bayramının ruhuna uyğun gəldiyini zənn etdik və açılan süfrəni görərkən yanılmadığımızı anladıq.  

Danaçı gül yığanlarının dəstə rəhbəri Solmaz Zurovanın təşəbbüsü ilə bir araya gələn insanlar artıq ikinci ildir ki, iməciliyi - el bayramını gül plantasiyasında təşkil edir. 

Belə ki, bol məhsul yığımından sonra insanlar müxtəlif şirniyyatlarla süfrəni bəzəyir. Xüsusən bu elin-obanın tarixi xörəklərindən olan hədik və maxara hazırlayaraq bütün komandanı dəvət edirlər. Məclisdə tək Danaçı deyil, digər kəndlərdən də gələnlər vardı. 

Solmaz xanım deyir ki, burada çalışan insanlar bu addımlarıyla həm də Allaha şükranlıqlarını ifadə edir. Gələn məhsul ili üçün bol-bol dua edib plantasiyadan ayrılırlar.

Doğrusu, zəhmətkeş insanların gələn ilin məhsulu üçün haqq-halal qazanclarından bir miqdarını ayırıb elə plantasiyada xeyriyyə süfrəsi açması bizi duyğulandırmaqla yanaşı, həm də qürurlandırdı. 
Biz isə “gələn gül mövsümündə görüşərik” deyib, plantasiyadan ayrıldıq.


















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin