Zəngəzur dəhlizinin açılması Rusiya üçün niyə ÖNƏMLİDİR? – AÇIQLAMA 

Hazırda oxunan: Zəngəzur dəhlizinin açılması Rusiya üçün niyə ÖNƏMLİDİR? – AÇIQLAMA 

139472

Xəbər verdiyimiz kimi, dünən Moskvada Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun iştirakı ilə Üçtərəfli İşçi Qrupunun 12-ci iclası keçirilib.

İclasda Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Mövzu ilə bağlı bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli, bu xəttin Rusiya üçün də vacib olduğunu bildirib. 

Rusiyanın Yuxarı Lars yolundan başqa, Ermənistana başqa yolunun olmadığını söyləyən müsahibimizin sözlərinə görə, bu yolda dəmir yolu xətti də olmadığına görə, ancaq avtomobil yolu ilə yük daşınmaları həyata keçirilir:

"Ermənilər sanksiyaya düşmüş rus məhsullarını öz adlarına alaraq, yenidən Rusiyaya göndərir. Bu yolla qarşılıqlı olaraq ticarət dövriyyələrində 3 dəfədən çox artım qeydə alınıb. Moskva istəyir ki, Gürcüstandan asılı olmadan, Azərbaycan üzərindən Ermənistana, ordan da İrana dəmir yolu şəbəkəsinə sahib olsun. 
Bu yaxınlarda yağan yağışlar nəticəsində Yuxarı Lars yolu 8 gün müddətinə bağlı qaldı və təxminən 250 yük avtomobili nə Rusiyaya, nə də Gürcüstan üzərindən Ermənistana keçə bildi. Bu problemlər və Rusiyanın maraqları nəzərə alınaraq rəsmi İrəvana güclü təzyiqlər edildi və Naxçıvan dəmir yolu xəttinin açılması istiqamətində irəliləyişə nail olundu". 

O, əlavə etdi ki, qəribə səslənsə də, Laçın yolunda sərhəd və gömrük keçid məntəqəsinin qurulmasının Ermənistana da xeyri oldu:

"Ermənilər nə qədər təşviş keçirsələr və çığır-bağır salsalar da, Azərbaycan bu addımla, Ermənistana Zəngəzur yolunda öz sərhəd-keçid məntəqələrini qurmaları üçün şans yaratdı. Halbuki, Rusiya buna icazə vermirdi və ancaq öz sərhəd qoşunlarının nəzarətində olacağını bildirirdi. 

Amma rəsmi Bakı Laçın yolunda bu işi gördükdən sonra, Kreml də güzəştə getməli oldu. Əslində, Zəngəzur yoluna kimin nəzarət edəcəyinin Bakı üçün fərqi yoxdur. Əslində, ermənilərin nəzarət etməsi daha məntiqlidir. Bu iki vacib dəyişiklik nəticəsində həmin yolun açılmasında Rusiyanın maraqlarını artırdı. Hətta ermənilərin sərhəd keçid məntəqələrinin yaradılması ilə bağlı Moskvanın müqavimətində dəyişiklik edildi".

Naxçıvan dəmir yolu xəttinin reallaşması ilə Rusiyanın Ermənistana həm dəmir yolu, həm də avtomobil yolu ilə keçid əldə edəcəyini söyləyən N.Cəfərli bildirdi ki, bununla da Gürcüstandan asılılığı azalacaq:

"Bundan başqa,  Bakı-Tbilisi-Qars dəmir yolunu nəzərə almasaq, rusların Azərbaycan üzərindən Türkiyəyə, oradan da Avropaya və digər istiqamətlərdə yük göndərməsi asanlaşacaq. Bundan başqa, həm Rusiyanın məruz qaldığı sanksiyalar, həm də Ukrayna müharibəsi səbəbindən Belarus və həm Kalininqrad istiqamətlərində problemlər yaşayan rus şirkətləri artıq yüklərini sığortalamaqdan imtina etməyə başlayıblar. 

Bu problemləri dəf etmək üçün də Kremlin alternativ marşrutlara ehtiyacı getdikcə artmaqdadır.

Bu baxımdan da Rusiya Ermənistana daha çox təzyiq gostərdi və sonda Naxçıvan dəmir yolu xəttinin açılması barədə irəliləyiş əldə olundu. Çox güman ki, yaxın vaxtlarda kommunikasiya xətlərinin açılması barədə protokollar imzalama bilər ki, bu da Azərbaycanın növbəti uğuru olacaq".

Ekspert vurğuladı ki, adıçəkilən dəmir yolunun açılması ilə Azərbaycanla Naxçıvan arasında əlaqələr bərpa olunacaq:

"Bu məsələ həm strateji, həm iqtisadi, həm də psixoloji baxımdan çox vacibdir. Bundan başqa, Türkiyədən başlamaqla, həm Naxçıvan, həm də Zəngəzur vasitəsilə Azərbaycandan Orta Asiyaya yeni bir "Türk qovşağı" yaranır, yeni türk dövlətlərinin bir-biri ilə daha sıx bağlanması üçün yeni fürsətlər əldə edilir".

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin