Qanun “olar”, aidiyyəti qurum “olmaz” DEYİR - Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

Hazırda oxunan: Qanun “olar”, aidiyyəti qurum “olmaz” DEYİR - Xaricdə distant təhsil alanların diplomları niyə tanınmır?

139382

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı may ayı üzrə 734 müraciətçinin 632-si barədə müsbət qərar verilib. Müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 94, dövlət nümunəli olmayan diplom səbəbi ilə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Qeyd edək ki, hər il müvafiq dövrdə xaricdə distant formada təhsil alanların diplomlarının tanınmaması ilə bağlı problemlər ortaya çıxır.

Məsələ burasındadır ki, Azərbaycan qanunvericiliyində distant təhsil haqqında bəndlər öz əksini tapsa da, bunun işləmə mexanizmi və tətbiqi yoxdur. Yəni Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından o təhsilin bir forması kimi qəbul edilmir. 

Ekspertlərin fikrincə, distant təhsilə görə diplomlar tanınarsa, tələbələr Azərbaycan universitetlərini deyil, xarici universitetləri seçəcək və ölkəmizdəki universitetlər rəqabətlə üzləşəcək. Elə bu səbəbdən də müvafiq qurumlar distant formada xaricdə təhsil alanların diplomlarını tanımır. 

Bəs, bu məsələ nə vaxtsa həllini tapacaqmı?

Təhsil eksperti Elçin Əfəndi Bizim.Media-ya açıqlamasında bildirib ki,  xaricdə təhsil alarkən vətəndaşlarımız ilk növbədə onların təhsil alacaqları universitetin dünya reytinqində yer tutması məsələsinə diqqət etməlidir:

“Hər il 100- 110 nəfərin diplomu ilə bağlı şikayətini görürük. Qeyd edim ki, kimsə qanuni əsasla  və ya dövlət proqramı ilə qəbul olunursa, onların diplomlarının tanınması ilə bağlı hər hansı problem yoxdur. Eyni zamanda tələbənin təhsil aldığı müddətdə ölkədən çıxış və giriş haqqında məlumatları vətəndaş pasportunda öz əksini tapmalıdır.

Hansısa şirkətlər vasitəsilə qeyri-qanuni və leqal yolla qəbul olunanların (attestatla) diplomları tanınmır.  

Qaldı ki, xaricdə distant təhsil alanların diplomlarının tanınmamasına, “Təhsil haqqında”qanunvericilikdə müvafiq olaraq əyani, qiyabi və distant təhsil öz əksini tapıb. Hazırda onlayn təhsilin tanınması ilə bağlı ciddi problemlər görürük. Düşünürəm ki, növbəti qanun dəyişikliyində məhz bu amil də aradan qalxacaq”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin