Gəncədə şəhid övladları üçün bayram şənliyi təşkil olundu.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün Gəncədə bayram tədbiri keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı, “Gəncland” Ailəvi-istirahət Kompleksinin dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladları üçün təşkil olunan mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və övladları iştirak ediblər.
Niyazi Bayramov şəhid övladlarını Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, xoşbəxt gələcək və təhsillərində uğurlar arzulayıb.
O qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çox uğurla davam etdirilir.
Ulu Öndər uşaqları sonsuz məhəbbətlə sevib, müstəqil Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və təlim-tərbiyə alması, vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olub.
Şəhid ailələri göstərilən hərtərəfli qayğı və diqqətə görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Sonra uşaqlar üçün əyləncəli-musiqili proqram nümayiş olunub, hədiyyələr verilib.
Məqsəd Rəhimov Bizim.Media, Qərb Bürosu