Bu il sentyabr ayının 27-dən oktyabrın 26-dək davam edən Vətən müharibəsində Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 2,7 mlrd. ABŞ dollarını keçib.
Bizim.Media xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.
Bu müddət ərzində Ermənistan ordusunun 252 tankı məhv edilib, 53 tankı qənimət kimi götürülüb:
Vüsal Qasımlı qeyd edib ki, məhv edilən hərbi texnikanın içərisində Ermənistanın iqtisadi gücünün əldə etməyə heç bir imkan vermədiyi, dəyəri yüz milyonlarla dollarla ölçülən S-300 sistemlərindən, satışı qadağan olunan ballistik “Elbrus” raket sistemlərinə qədər çoxnövlü silah arsenalına rast gəlinməsi, düşmənin ötən 30 il ərzində qanunsuz silahlandırılmasını sübut edir.
O həmçinin əlavə edib ki, bir aylıq müharibədə itirdiyi hərbi texnikanın miqdarı Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Adi Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini pozduğunu və bu müqavilənin şərtlərinə uyğun olmayan həddə silah və hərbi texnika saxladığını ortaya çıxarıb.
V. Qasımlı qeyd edib ki, Ermənistanın qanunsuz silahlandırılmasına şərait yaradan və ya birbaşa dəstək verən ölkələr bu silahların erməni terrorçuları tərəfindən istifadəsini də nəzərə almalıdırlar. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi paraqrafla qeyd etdiyi “erməni terrorizmi” anlayışının mahiyyəti bu ölkələr tərəfindən dərindən dərk olunmalıdır:
“Ermənistanı maliyyələşdirən beynəlxalq təşkilatların infrastruktur investisiyaları əslində Ermənistan tərəfindən dolayısı ilə terrorizmin və işğalın maliyyələşdirilməsinə sərf olunur və bu təşkilatların mandatına heç bir halda uyğun gəlmir”.
Bizim.Media