Bütün azərbaycanlıları həyacanlandıran bir günə gəldik.
28 May Respublika gününə !
Bu gün hər birimiz üçün o qədər dəyərli, o qədər əzizdir ki, biz bu günə bir-birindən fərqli , bir-birindən möhtəşəm və bir-birindən
daha yükümlü adlar veririk. Birimiz Respublika günü, digərimiz İstiqlal günü, üçüncümüz Cümhuriyyət günü, dördüncümüz isə Müstəqillik günü deyirik bu günə. Amma kimin necə çağırmasından və hansı formada yazmasından asılı olmayaraq bu gün hamımız üçün olduqca müqəddəs gündür.
Bu gün şanlı keçmişimizi xatırlayıb, özümüzə dönüb, yenidən dövlətləndiyimiz , müstəqil dövlət qurduğumuz gündür. Bu gün böyüdüyümüz , yenidən Milli Böyüklüyümüzə qovuşduğumuz gündür. Uzaq tarix kitabəmizdən süzülüb gələn "Ey türk, özünə dön, sən özünə dönəndə böyük olursan" kimi sehirli sözlər məhz bu gün üçün yazılmış, deyilmiş sözlərdir.
Bu gün millətimizin bayrağının yenidən göylərə ucaldığı, üç rəngin dünyaya milli varlığımızı göstərdiyi gündür.
Bayraq bizim üçün nədir ?
Əlbəttə ki, bir-birinə tikilmiş üç rəngdə sadə parçalar deyil. Bayraq insana ən ülvi hisslərini xatırladır. Bayraq Vətən kimidir. Bayraq ana kimidir. Bayraq övlad kimidir. Kimsə başqasının vətənini, anasını, övladını sevməyə bilər. Ancaq özününkünü həmişə sevir. Hər kəsə öz anası, vətəni, övladı əzizdir. Bayraq da belədir. Bayrağını sevməyən insan yoxdur. Varsa da o insan deyil.
Bu bayraq müstəqilliyimizin simvoludur. Hətta deyərdim ki, müstəqilliyimizin özüdür !
Bu bayraq mənimlə hər yerdə var. Və hər dəfə bayrağımıza baxan vaxtı dinim, müstəqilliyim, türklüyüm düşür yadıma. Bayraq mənə BİZ`i xatırladır. Bayrağıma baxan vaxtı tarixlər keçir gözümün önündən. Və qayıdıram o müqəddəs tarixi ana - Cümhuriyyətimizin elan edildiyi məqama. . 1918-ci ildə ilk dəfə yüksəldiyi anları təsəvvür edirəm. Cümhuriyyətimizin banisi Rəsulzadənin sözlərini xatırlayıram : “Əfəndilər, müstəqil Azərbaycanı təmsil edən bu üç boyalı bayrağı şurayı-milli qaldırmış. Türk hürriyyəti, İslam mədəniyyəti və müasir əfkari-əhraranəsini təmsil edən bu üç boyalı daimən başlarımızın üstündə dalğalanacaq. Bən buna iman ediyorum. Bənim bu imanımı millətimin qəlbində doğmuş əməl günəşi nurlandırıyor. Bu günəş bir daha sönməz !"
Bayrağıma baxanda Vətənimin tərifini etmək istəyirəm. Sağ əlimi ürəyimin üstünə qoyub himni oxumaq istəyirəm. Oxumaq istəyirəm Azərbaycan, Azərbaycan, namusunu hifz etməyə, bayrağını yüksəltməyə cümlə hazırıq. Hayqırmaq istəyirəm üçrəngli bayrağınla məsud yaşa, ey şanlı Vətən! Heç vaxt əsir olma! Ey şanlı Vətənim, şanlı olan , canlı olan sənsən. Vətən olan sənsən, ana olan sənsən! Sənin şanlılığın sinəndə minlərlə şəhidlərin canlarını , ruhlarını daşımağındadır. Sənin şanlılığın canından keçən və qəhraman olan əsgərlərə sahib olmağındadır. Sənin şanlılığın 70 illik səbrdən sonra üç boyalı bayrağı dalğalandırmağındadır.
Mən bu gün millətimizin müstəqilliyini təmin etmək üçün , yaşatmaq üçün əlindən gələni etmiş bütün liderlərimizi - Şah İsmayıl Xətaidən tutmuş Heydər Əliyevə qədər, hər kəsi rəhmətlə anıram. Mən bu gün başda Məhəmməd Əmin Rəsulzadə olmaqla 1918-ci ilin bu günündə İstiqlaliyyətimizi dünyaya bəyan etmiş o böyük insanların, cümhuriyyətçi kişilərin hər birinin ruhuna dualar oxuyuram. Və mən şadam ki, Məramnaməsində demokratik ideyaların yer aldığı bir partiyaya - Demokratik Azərbaycan Dünyası Partiyasına (DADP) rəhbərlik edirəm.
Bu gün hər bir DADP-çi əsası 1918-ci ilin bu günündə qoyulmuş Azərbaycan Demokratik Respublikasının (ADR) hüquqi-siyasi varisi sayılan müstəqil Azərbaycanımızın varlığını qoruyub saxlamaq üçün öz üzərinə düşən bütün vətəndaşlıq vəzifə və borclarını yerinə yetirməyə hazırdır. Hər bir azərbaycanlı kimi DADP-nin də hər bir üzvü bir kərə yüksələn bayrağın bir daha enməməsi üçün canından keçməyə, şəhid olmağa qərarlıdır.
Biz əminik ki, artıq bu millətin müstəqilliyini kimsə bizim əlimizdən ala bilməz , bu dövlətin varlığına heç bir yadelli işğalçılar qəsd edib son qoya bilməz! Çünki biz bu yolda çoxlu qurbanlar verdik. Bayrağımızdaki qırmızı rəng də məhz şəhidlərimizin azadlığımız uğrunda , torpaqlarımız uğrunda axıtdıqları müqəddəs qanın rəngidir. Allah şəhidlərimizə də rəhmət eləsin. Onları hər an, hər gün xatırlamaq bizim vəfa borcumuzdur.
Mən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri olaraq bütün vətəndaşlarımızı, dünyadaki bütün azərbaycanlıları, o cümlədən öz partiya yoldaşlarımı, əqidədaşlarımı da bu şərəfli gün - 28 May Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm və hər bir insanımıza üçrəngli bayrağımızla məsud yaşamağı və Azərbaycanımızı yaşatmağı arzu edirəm !
Himnimizdə and içdik ki, səndən ötrü can verməyə cümlə hazırıq. Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə cümlə hazırıq. Şanlı Vətən, Azərbaycan !
Əlisahib Hüseynov
DADP sədri































































































