Əlifba bayramının son illərdə məktəblərdən kənarda keçirilməsi bəzən ciddi narazılıqlara səbəb olur. Valideynlər bunun həm maddi, həm də təhlükəli hal baxımdan düzgün hesab etmirlər.
Onlar iddia edirlər ki, əvvəl əlifba bayramı üçün ümumi hazırlıqlara indikindən az məbləğ tələb olunurdusa, indi rəngarənglik üçün əlavə xərclər də daxil edilib. Üstəlik, bəzi valideynlərin təşəbbüsü ilə tədbirin məktəbdə deyil, hər hansı uşaq əyləncə mərkəzində və ya restoranda təşkil olunması xərcləri olduqca böyüdür. Əlifba bayramının keçirilməsində bir uşaq üçün minimum 100 manat və daha çox məbləğ lazım olur.
Bəzən də bir ailədən 2 uşaq 1-ci sinifi bitirir ki, bu da ailə büdcəsinə kifayət qədər təsir edir. Tədbirdə uşağın valideyninin də iştirak etməsini nəzərə alsaq, bir əlifba bayramı ailə üçün olduqca baha başa gəlir.
Bəzi uşaqlar bu səbəblərdən əlifba bayramında iştirak edə bilmirlər. Valideynlər isə əlifba bayramının əvvəlki qaydada, yəni məktəbdaxili və bərabər qaydalar çərçivəsində keçirilməsinin tərəfdarıdır.
Bəs əlifba bayramının məktəbdənkənar keçirilməsi düzgündürmü?
Bizim.Media bununla bağlı təhsil eksperti Elçin Əfəndi ilə əlaqə saxlayıb.
Ekspertin sözlərinə görə, əlifba bayramının keçirilməsi ilə bağlı hər hansı tələb olmasa da, təhlükəsizlik qaydalarına əməl olunması vacibdir.
“Əlifba bayramının keçirilməsi ilə bağlı nazirlik və ya hər hansı təşkilatlar tərəfindən xüsusi bir tələb yoxdur. Bu təhsil müəssisəsinin daxilində keçirilə bilər və həmin tədbirin keçirilməsi zamanı iştirakçıların müvafiq təhlükəsizlik tədbirlərinə riayət olunması əsas tələb kimi qoyulur. Ola bilər ki, hər hansı şəxs və ya şəxslər tərəfindən ideya olaraq hansısa bir restoran və ya uşaq əyləncə mərkəzində keçirilsin. Onlar bu prosesi həyata keçirə bilər. Ancaq bu zaman mütləq təhlükəsizlik məsələləri diqqətə alınmalıdır.
Elm və Təhsil Nazirliyi əlifba bayramı və son zəng tədbirlərini təhsil müəssisəsi daxilində əvvəlki qaydada məktəb daxilində keçirməyi tövsiyə edir. Bu həmin tədbirlərdə neqativ və xoşagəlməz halların baş verməsinin qarşısını alır”.
E.Əfəndi həmçinin, məktəblərinin sayının çox olması və bu tədbirlərin məktəbdaxili təşkil olunması ilə əlaqədar fərqli formatlarda keçirildiyini qeyd edir:
“Pandemiya dönəmlərində bu tədbirlər qeyd olunmurdu. Ancaq bu ildən qeyd olunacaqsa, bəzi amillər nəzərə alınmalıdır. Bu il 11-ci sinifi 100 mindən çox, 1-ci sinfi isə 130 mindən çox uşaq bitirəcək. Yəni bu qədər şəxsin iştirakı fərqli müəssisələrin tərkibinə aiddir. 4440-dan çox təhsil müəssisəsi var ki, bu bayramların da həyata keçirilməsi fərqli şəkildə baş verə bilər. Ancaq yaddan çıxarmaq olmaz ki, təhsil müəssisəsindən kənarda keçirilməsi bəzi hallarda neqativ nəticələnə bilər ki, bunu nəzərə almaq mütləqdir”.
Röyanə Oğuz, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:00 / 27.05.2023
Əlifba bayramları necə keçirilməlidir? – Ekspert bir çox mətləblərə AYDINLIQ GƏTİRDİ
Hazırda oxunan: Əlifba bayramları necə keçirilməlidir? – Ekspert bir çox mətləblərə AYDINLIQ GƏTİRDİ
Hazırda oxunan: Əlifba bayramları necə keçirilməlidir? – Ekspert bir çox mətləblərə AYDINLIQ GƏTİRDİ
138280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.