“Naxçıvan” Universiteti və ADA-nın birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda Respublika konfransı keçirilib.
Bizim.Media xəbər verir ki, konfransa Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova və digər ali təhsil ocaqlarını təmsil edən alim və tədqiqatçılar qatılıblar.
Konfrans iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.
Respublika konfransı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli açaraq qonaqları salamlayaraq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində ölkəmizin hər bir bölgəsində olduğu kimi dünyaya göz açdığı qədim Naxçvan torpağında da yüksək səviyyədə, silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb.
Müasir Azərbaycanın qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən bəhs edən səlahiyyətli nümayəndə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir.
Belə ki, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti sayəsində ölkəmizdə siyasi sabitlik bərqərar olunub, iri miqyaslı iqtisadi layihələrin icrasına başlanılıb.
Dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan dövrü müstəqillik dövlətimizin əsas dayaqlarını təşkil edir deyə bildirən Fuad Nəcəfli Ulu Öndərin Azərbaycanın inkişaf strategiyasında Naxçıvanın roluna xüsusi diqqət ayırdığını, ənənələrlə yenilikçiliyin vəhdətinin təcəssümü olan şəhərin məhz Heydər Əliyevin diqqət və himayəsilə böyük nailiyyətlərə qovuşduğunu qeyd edib.
İkinci dəfədir Ulu Öndərin vətəni Naxçıvanda olduğunu bildirən “ADA” Universitetinin rektoru, professor Hafiz Paşayev fenomenal siyasətçi Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, uzaqgörən, praqmatik siyasətinden bəhs edib. Azerbaycanın bugünkü uğurlarının təməlində Heydər Əliyev ideyalarının və siyasətinin dayandığını bildirən Hafiz Paşayev diqqətə çatdırıb ki, əgər Ulu Öndər Heydər Əliyev olmasaydı Azərbaycan ötən əsrin 90-cı illərində yenice bərpa etdiyi dövlət müstəqilliyi itirə bilərdi. Məhz ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanla Ermənistan arasında atəşkəsin imzalanması Ulu Öndərin çox böyük səyləri və uzaqgörənliyi sayəsində baş tutub.
Hafiz Paşayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasəti həm də bugün Azərbaycanı dünyaya qalib, zəfər qazanmış bir ölkə kimi təqdim edir. Belə ki, biz dahi şəxsiyyətin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsinə II Qarabağ müharibəsində bir daha şahid olduq. Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində ordumuz düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.
Bu cür mötəbər konfransın təşkilinə və dəvətə görə minnətdarlıq edən Hafiz Paşayev dahi öndərlə bağlı xatirələrini tədbir iştirakçılarının diqqətinə çatdırıb, müəllifi okduğu kitabları “Naxçıvan” Universitetinə hədiyyə edib.
“Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov konfrans iştirakçılarını salamlayaraq, Heydər Əliyev ömrünün istənilən sahədə çalışan hər bir vətəndaş üçün örnək olduğunu, Ulu öndərin dövlətçiliyimizin, iqtisadiyyatımızın və ölkə həyatının digər vacib sahələrinin formalaşdırılması, Azərbaycançılıq strategiyasının əsaslarının yaradılması istiqamətindəki əzmkar fəaliyyətinin, o cümlədən, onun Naxçıvanın inkişafı naminə gördüyü işlərin neçə-neçə elmi tədqiqatlar üçün tükənməz qaynaq olduğunu qeyd edib.
Ümummilli Liderin 100 illiyinə həsr olunan elmi tədbirə böyük maraq göstərildiyini bildirən rektor, ümumilikdə konfransa 20 ali təhsil və elmi tədqiqat müəssisəsindən 240-dan çox məqalənin daxil olduğunu diqqətə çatdırıb, konfransın təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirib ki, Ulu öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edib.
Konfransın mövzusuna toxunan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev böyük idarəçilik təcrübəsinə malik Ulu Öndərin müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırladığını və onu dəqiqliklə həyata keçirdiyini bildirib.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova bildirib ki, Heydər Əliyev artıq 20 ilə yaxındır ki, aramızda yoxdur. Lakin bu gün Azərbaycanın tərəqqisinə və modernləşdirilməsinə yönəlmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Müasirləşən Azərbaycan Respublikasının özü 100 illiyini böyük ehtiramla qeyd etdiyimiz Ulu Öndərin işıqlı xatirəsinə həsr olunmuş ən böyük əsərdir.
Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxışında ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi rəhbər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin ən yeni tariximizdə müstəsna yer tutduğunu bildirib. Elbrus İsayev qeyd edib ki, yüksək insani keyfiyyətlərinə, mükəmməl dövləti idarəetmə bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev dünyada nadir tarixi şəxsiyyətlər sırasındadır.
Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov diqqətə çatdırıb ki, bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Bunu demək yerinə düşər ki, hər bir vətəndaşımızın qəlbində əbədiyaşarlıq zirvəsini fəth etmiş Heydər Əliyev əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, alternativsiz dövlətçilik konsepsiyası, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində olan güclü Azərbaycan dövlətini miras qoyub.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Azad Novruzov çıxış edərək bildirib ki, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 40 ilə yaxın bir dövr ərzindəki bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunub.
Plenar iclasdan sonra universitet kampusu və mövcud infrastruktur ilə tanış olan qonaqlar ali təhsil ocağı haqqında yüksək təəssürat əldə etdiklərini bildiriblər.
Respublika konfransının ilk günü “ADA” Universiteti və “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən konsert proqramı ilə yekunlaşıb.
Məlumat üçün bildirək ki, iki gün davam edəcək konfrans öz işini 6 bölmə iclası ilə davam etdirəcək. “Beynəlxalq münasibətlər və hüquq”, “Filologiya”, “İqtisadiyyat və idarəetmə”, “Siyasi və humanitar elmlər”, “Elm və təhsil”, “Mədəniyyət” adlı bölmələrdə müvafiq mövzularda məruzələr dinlənilib, müzakirələr aparılacaq.
“Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda keçirilən Respublika konfransı materiallarının “Naxçıvan” Universiteti tərəfindən ayrıca kitab halında nəşr ediləcəyi də diqqətə çatdırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:26 / 25.05.2023
“Naxçıvan” Universiteti və ADA-nın birgə təşkilatçılığı ilə Respublika konfransı keçirilib - FOTO
Hazırda oxunan: “Naxçıvan” Universiteti və ADA-nın birgə təşkilatçılığı ilə Respublika konfransı keçirilib - FOTO
Hazırda oxunan: “Naxçıvan” Universiteti və ADA-nın birgə təşkilatçılığı ilə Respublika konfransı keçirilib - FOTO
137975
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.