Azərbaycanda uşaqlar məcbur əməyə cəlb edilirmi? – Hüquqşünas faktları AÇIQLADI

Hazırda oxunan: Azərbaycanda uşaqlar məcbur əməyə cəlb edilirmi? – Hüquqşünas faktları AÇIQLADI

137928

“Beynəlxalq insan hüquqları təşkilatlarının son hesabatlarında, bütün dünyada 12 milyondan çox uşağın qul əməyinə cəlb olunması ilə bağlı göstəricilər qeyd edilir.

Azərbaycana gəlincə, İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovun mayın 5-də Milli Məclisdə insan alverinə qarşı mübarizəyə dair 2022-ci il üzrə illik məlumatı açıqladı. Açıqlamadan da görünür ki, uşaq əməyinin istismarı ilə bağlı elə də ciddi hadisələr baş verməyib”. 

Bu sözləri Bizim.Media açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasi İcraiyyə Komitəsinin sədri, hüquqşünas  Sahib Məmmədov bildirib. 

Onun sözlərinə görə, ölkəmizdə uşaqların məcburi əməyə cəlb olunması dedikdə, bəzi təşkilatlar və aidiyyatı orqanları bunu uşaqların daha çox kənd təsərrüfatı işlərinə cəlb olunmasını kimi nəzərdə tuturlar:

“Əslində biz hamımız uşaq olanda, valideynlərimizə ev və təsərrüfat işlərində kömək etmişik. Bu ənənə indi də davam etməkdədir. Bir çox kəndlərdə 15 yaşına çatmamış uşaqların çoxu ailələrinə təsərrüfat işlərində dəstək verirlər.

Kimisi heyvan saxlamaq, kimisi əkin-biçin, kimisi də başqa işlərdə valideylərinin yanında olurlar. İndi bunu uşaq əməyinin istimarı kimi qiymətləndirmək nə dərəcədə doğrudur? Əlbəttə ki, bunun qarşısını almaq mümkün deyil və polislər bunun üçün ailələrə xəbərdarlıq edə bilməzlər. Bütün dünyada eyni vəziyyət yaşanır”.

Hüquqşünas, əsl problemin, bəzi uşaqların ailələri tərəfindən dilənçiliyə məcbur edilməsi ilə bağlı olduğunu diqqətə çatdırdı:

“Daha çox roman qrupuna daxil olan ailələrdə belə hadisələr baş verir. Hətta elə ailələr var ki, özləri uşaqlarını məktəblərdən ayırır və yaşamaq adı ilə dilənməyə məcbur edirlər. Səbəbi də odur ki, valideynlərin ya hər ikisi, ya da biri özlərini əziyyətə salmaq istəmir və övladları vasitəsilə yaşayışlarını təmin etməyə çalışırlar. 

Elə ailələr də var ki, çox ciddi problemlər yaşayırlar və buna görə övladlarını ya dilənçiliyə, ya da məcburi əməyə cəlb edirlər. Belə uşaqlara daha çox metro çıxışlarında, ticarət mərkəzlərində və küçələrdə rast gəlmək olur. Təəssüf ki, bu hallar son dövrlərdə daha da artıb və təhlükəli olmağa başlayıb. 
Düzdür, müvafiq dövlət və polis orqanları belə hallara qarşı mübarizə aparırlar, amma qarşısını tamamilə almaq olmur. 1990-cı illərin sonunda, 2000-ci illərin əvvəllərində uşaqlar əsasən avtomobil yumaqla məşğul olurdular. Onlar daha çox nəqliyyatın sıx olduğu yerlərdə dayanır və işıqforların qırmızı işığında avtomobillərin şüşələrini yumağa cəhd edirdilər. 

Bu da çox zaman fəlakətlərlə nəticələnirdi, yəni avtomobili yumaq istəyən uşaq sürətlə gələn digər avtomobilin təkərləri altında qalırdı. Amma indi onların sayı çox azalıb, bəzi yerlərdə isə yoxa çıxıblar”.

Ekspert bildirdi ki, son vaxtlar bəzi şadlıq saraylarında azyaşlılardan ibarət rəqs qrupları yaradılır və toylarda rəqs edirlər:

“Azərbaycan konstitusiyasına görə, 15 yaşına çatmamış uşaqları işə cəlb etmək qadağandır. Amma bu qadağa ciddi şəkildə pozulur. Bununla belə, ölkəmizdə işçi qüvvəsi çox olduğuna görə, işə götürənlər və sahibkarlar azyaşlıların əməyə cəlb olunmasına elə də ciddi maraq göstərmirlər”. 

Rövşən Ziya, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin