Biləsuvarda baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın Cənub bürosunun əldə etdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Biləsuvar rayonu Çinarlı kəndində, əkin sahəsinin kənarında baş verib.
Belə ki, 48 yaşlı Çinarlı kənd sakini, Həmidov Cavid İdris oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi tüfənglə bacısının əri - 51 yaşlı Abdullayev Əsgər Musa oğlunun başına və bədəninə iki dəfə atəş açıb.
Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Şahidlərin bildirdiyinə görə, qətlə səbəb qohumların arasında torpaq sənədi üstündə yaranmış münaqişə olub. Məlumata görə, uzun müddət idi ki, Cavid mərhum yeznəsindən torpaq aktını ala bilmədiyi üçün qətli törədib. Daha sonra o, "102" Çağrı mərkəzinə zəng edərək Əsgər Abdullayev adlı şəxsi tüfəngdən atəş açaraq öldürməsi barədə məlumat verib.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim Media, Cənub bürosu