Ölüsünü həyətində dəfn etmək istəyənlərə ilahiyyatçıdan CAVAB – “Peyğəmbərimiz evinin içində basdırılıb”

Hazırda oxunan: Ölüsünü həyətində dəfn etmək istəyənlərə ilahiyyatçıdan CAVAB – “Peyğəmbərimiz evinin içində basdırılıb”

137702

Ölünün həyətdə dəfn edilməsini din qadağan etmir, amma bu, qəribə hadisə kimi qiymətləndirilir. Müasir dövrdə insanların öz həyətində qəbir qazması və ölüsünü orada dəfn etmək istəmələri birmənalı qarşılanmır. Baxmayaraq ki, hələ də bunu istəyən və arzulayanlar var. 

Sosial şəbəkələrdə bu istəyin reallaşdırılması üçün hüquqi izah şəklində sorğu da aparılıb.

Bəziləri məsələyə absurd yanaşma sərgiləsələr də, çoxları dünyasını dəyişmiş doğmalarının öz həyətlərində dəfn edilməsi fikrini müsbət qarşılayıb. 

Dinimizdə qəbiristanlıq anlayışı var və insanlara qəbirləri ziyarət etmək tövsiyə olunur. Bu səbəbdən insanların kütləvi məzarlıqda dəfn olunması daha məqbul hesab edilir.

İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, təkcə İslam deyil, bütün dinlərdə tövsiyə olunur ki, ölülər qəbirstanlıqda dəfn olunsunlar:

“Düzdür Hindistanda meyitləri yandırma adəti var. Amma hər bir halda İslamda, Xristianlıqda və Yəhudilikdə ölülər bir qayda olaraq məzarlıqda basdırılır və həyətdə dəfn olunmaları düzgün hesab olunmur. Bunun bir nümunəsi də yoxdur. Sadəcə Həzrəti Peyğəmbərimiz evinin içində dəfn olunub. Bu da müstəsna bir haldır. O dəfn olunandan sonra həmin ev artıq yaşayış yeri kimi istifadə olunmayıb, məscidə çevrilib.  

Ümumiyyətlə yaşayış yerində və yaxınlıqda ölülərin dəfn edilməsi düzgün hesab edilmir. Bu, həm tibbi-gigiyenik, həm də dini baxımından mərhumların ziyarət olunması zamanı müəyyən ayinlərin orada keçirilməsi, ziyarətçilərin iştirakı, çoxsaylı kütlənin toplaşması və digər ictimai məsələlərə görə düzgün deyil”. 

İlahiyyatçı xatırladıb ki, qanunla həyətdə dəfn olunmağa qadağa yoxdur və haram deyil:

“Amma belə bir ənənə də yoxdur. Yeganə istisna hal odur ki, mərhumun məzarının təhqir olunmaması və ya yerinin gizli qalması üçün həyətdə basdırırlarmış. 

Ölülər qəbirstanlıqda dəfn olunmalıdır. Əgər qəbir yerlərinin baha olması, insanların məzar ala bilməmələri ilə bağlı problem varsa, məsuliyyətini aidiyyəti qurumlar daşıyır. Bu problem uzun müddət  var. Çünki varlı, imkanlı şəxslər və məmurlar qəbirstanlıqları da zəbt ediblər. Geniş-geniş əraziləri götürüb, hasarlayıblar. Ona görə də başqa mərhumlar üçün yer darlığı yaranır. Bu məsələnin də qanunla tənzimlənməsinə böyük ehtiyac var”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin