Ailəmizin sonbeşiyi Səidlə xeyli şərikli dostlarımız var, onlardan biri də Şirzad Pirallahidir. Sıx təmaslarımız olmasa da, dostluğumuz günbəgün dərinləşir, hər iki tərəf bu dostluğun dərinləşməsinə sidq-ürəklə çalışır. Mən bu sətirləri yazarkən Şirzad bəyin sənətdə qazandığı titullarını qəsdən sadalamadım, sadəcə Şirzad Pirallahi kimi təqdim elədim. Məncə Ş.Pirallahinin ən böyük titulu da məhz elə onun öz adı, soyadıdır. Yaradıcılıq uğurları ilə təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə, Rusiyada və başqa coğrafi məkanlarda da çox məşhurdur. Şirzadla cəmi iki dəfə görüşmüşəm, dostluğumuz isə birinci görüşümüzdən başlayıb...
Bir neçə il öncə Moskvada dostum Vəli müəllimin oğlu Ülvinin toyunda idim. Səhv eləmirəmsə, toy “Kaspi”x9d adlı Azərbaycan kafesində idi. Toy məclisi çox gözəl keçirdi və sanki həmin gün Vətən həsrəti çəkənlərin hamısı demək olar ki, bu məclisə yığışmışdılar. Toyun yarısında məclisə ucaboylu, uzunsaçlı, yaraşıqlı bir nəfər daxil oldu. Hamı bir ağızdan “Şirzad”x9d deyib ayaqüstə qalxdı. Şirzad bəy bizim stolda əyləşdi və dostum Vəli məni onunla tanış etdi. Səhər açılana qədər davam edən məclisdə Şirzad bəy yorulmaq bilmədən saatlarca Azərbaycanla bağlı, milli ruhlu şeirlər səsləndirdi. Hər dəfə çıxış edəndə məclisdəkilər lal-dinməzcənə ona qulaq kəsilirdilər. Təsadüfən elə alındı ki, məclisdən sonra Şirzad bəyin maşını ilə geri qayıtdıq və yolboyu qısaca tanışlığımız oldu. Onunla ikinci görüşümüz Bakıda-“Muzkomediyada”x9d baş tutdu. Və qısa tanışlıq sonradan bu gün də davam edən dostluğa çevrildi.
Mənim bildiyim qədər Şirzad bəy sənətə hay-küysüz, reklamsız, filan elə sənəti ilə gəlib. Allah bu gün Şirzad bəyə 50 yaşının tamamında bir çox müqəddəs nəsnələr verib ki, o, bunlara həqiqətən layiqdi. Çünki
Şirzad bəylə mehriban münasibətlər yuxarıda dediyim kimi onunla ilk tanışlıqda yaranır və tanışlıq dərhal da sonu bitməyən dostluğa çevrilir. .
Aktyorluq Şirzad bəy üçün əndrabadi, hərcayi fəaliyyət və peşə meydanı deyil, müqəddəs ruhlar diyarıdır. Ömrünün 50-ci ilinə gəlib yetişən Şirzad bəylə ünsiyyətdə olan, onunla maraqlanan hər kəs tərəf müqabilini mədəni, eyni zamanda müasir insan, gözəl sənətkar və gözəl bir ruh adamı kimi yaddaşına hopdurur. Onun tale yazısında millətsevərlik, vətənpərvərlik, yurd yerlərinin həsrəti qızılı xətlə keçir. Bəli, Şirzad bəyin doğulduğu məkan müqəddəs dağlarla əhatələnib. Bu dağların ən müqəddəsi Savalandır ki, doğulduğu kənddən əl uzatsa, Savalanın başı qarlı zirvəsinə çatar. Bəlkə elə bu səbəbdəndir ki, Şirzad bəy Allah eşqilə yaşayan könül adamıdır, onun səsində müqəddəs bir ruh var ki, gur, hayqıran səsi gündoğandan günbatana çatır, ürəkləri riqqətə gətirir.
Tarixi mənbələrə görə, peyğəmbərlər dağlarda doğulub, dahi şəxsiyyətlərin əksəriyyəti dağlardan dünyayaya pəncərə açıblar. Şirzad bəyin mükəmməl sənətkar və vətəndaş olmasının səbəbi bəlkə də onun belə bir mühitdə püxtələşməsidir ki, çoxlarının qəlbini fəth edə bilib.
Gözəl insan və gözəl sənətkar, Allahın xoşbəxt və sevimli bəndəsi Şirzad dostumuzun həyatında və sənətində natamam, çatışmayan nəsə yoxdur. Allah ona nəyi veribsə, xəsislik etməyib, könül xoşluğu ilə verib. Vətəni vətəndən minlərlə kilometr uzaqlarda pafosla deyil, böyük ürəyi ilə dəlicəsinə sevən, ana kimi müqəddəs və əziz tutan eloğlumuzla fəxr etməyə dəyər. Belə ucalıq hər kəsə nəsib olmur: "Ya Qoşqar olasan, yad Şah dağı, Belə ucalasan, ucalanda da...".
Şirzad bəyi 50 iilik yubeleyi münasibətilə bir daha təbrik edir, bu gözəl günündə ona firavan həyat, uğurlu gələcək və yaradıcılığında müvəffəqiyyətlər arzulayıram!
Xanoğlan ƏHMƏDOV
































































































