Əslində bu hadisə baş verməyə də bilərdi. Lakin təhlkəsizlik tədbirləri görülmədiyindən və havaların da qəflətən isinməsi allergik zəhərlənməni sürətləndirib.
Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar bu gün şəhər “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub. Dərhal hadisə yerinə həkim briqadaları cəlb edilib. Zəhərlənənlər tibbi personalın klöməyi ilə rayon mərkəzi xəstəxanasına çatdrılıb.
Bizim.Media-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, ikin məlumatlara görə may ayının 19-da, cümə günü Şəkinin Qudula kənd tam orta məktəbində dezinfeksiya işləri aparılıb.
MÖVZU İLƏ BAĞLI:
TƏBİB-dən Şəkidəki zəhərlənmə ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Həftənin birinci günü həmin məktəbdə dərs keçilib. Bu gün isə saat 11:30 dan sonra məktəblilərdə allergik əlamətlər aşkarlanıb.
Şəki rayon təhsil sektorunun müdiri Zamiq Cəbiyev Bizim.Media-nın yerli bürosuna hadisənin təfərrüatları barədə məlumat verib:
“Qudula kənd məktəbində qrafikə uyğun olaraq dezinfeksiya işləri aparılıb. Bilirsiniz ki, havalar isinəndə zərərvericilər çoxalır. Bu məktəb binası da köhnə olduğundan orada işlərin aparılması zəruri idi.
19 may tarixində, yəni həftənin cümə günü saat 14:00- dan sonra məktəbdə dezinfeksiya işləri aparılıb. Məlum, həftənin şənbə və bazar günləri dərs olmayıb. Daha sonra məktəb təmizlənib . Dünən də şaagirdlərimiz dərslərdə iştirak eləyib, hər hansı bir narahatlıq olmayıb. Lakin bu gün havanın günəşli, isti olması həmin dezinfeksiya olunan məhlullların buxarlanmasına səbəb olub”.
Sektor müdiri uşaqların vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Şəki rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinin qarşısında toplanan xeyli sayda valideyn uşaqlarının zəhərlənmə yaxud allergik əlamətlərin bir gün sonra qeydə alınmasını heç cür anlaya bilmir.
Dörd övladı həmin məktəbdə təhsil alan Elşən Cumayevin sözlərinə görə, ona uşaqların zəhərlənməsi xəbərini evdən məlumat veriblər. Xoşbəxtlikdən uşaqların üçünün vəziyyəti stabildir, ilkin tibbi yardımlar göstərilib və evə buraxılıb. Digər azyaşlı isə hələlik həkim nəzarəti altında saxlanılır.
Məktəbin 7-ci sinif şagirdi Aytac Cumayeva qardaş və bacıları ilə eyni məktəbdə oxuyur. Hadisəni belə təsvir edir:
“3 -cü dərsdən sonra baş ağrısı, ürək bulanması hiss etdik, mədəmiz ağrıdı. Bizi kəndin həkim məntəqəsinə gətirdilər. Daha sonra təcili yardım maşını gəldi və hamını mərkəzi xəstəxanaya gətirib müayinə etdilər, lazımı tibbi yardım göstərildi. Şəki rayon mərkəzi xəstəxanasına çatdırılan məktəbli və müəllimlərə ilkin tibbi yardım göstərilib. Bütün tibbi personal səfərbər olunub.
Xəstəxananın baş həkimi Arzu İlyaslının sözlərinə görə, məktəbli və müəllimlərdə yüngül ürəkbulanma, başgicəllənmə, ürək döyüntülərinin sürətlənməsi və allergik əlamətlər müşahidə olunub:
“Xəstəxanaya daxil olan 27 nəfərdən 3-ü müəllim, 17 nəfəri qız, 7-I isə oğlan olub. Onlardan 16 nəfərinə ilkin tibbi yardım göstərilib, qalanlarında isə müşahidə aparılıb və heç bir əlamət aşkar edilməyib”.
Son anda Şəki rayon mərkəzi xəstəxanasından bildirildi ki, hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 2 məktəbli var ki, onlara zəruri tibbi xidmət göstərilir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.