Xəbər verildiyi kimi 2022-2023-cü tədris ilindən başlayaraq Azərbaycanın orta ümumi təhsil məktəblərinin rus bölməsində “Azərbaycan tarixi” fənninin dövlət dilində tədris olunmasına qərar verilib.
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, bu tədris ilində ölkənin yalnız 20 ümumi təhsil müəssisəsinin tədrisi digər dillərdə aparılan bölmələrinin V siniflərində “Azərbaycan tarixi” fənni dövlət dilində tədris ediləcək. Cari ildə 20 məktəbdə pilot layihənin nəticələri təhlil edildikdən sonra növbəti il üçün qərar qəbul ediləcək.
Məsələ ictimaiyyətdə müzakirələrə səbəb olub. Bəzi ekspertlər hesab edir ki, “Azərbaycan tarixi” fənninin dövlət dilində tədrisi rus bölməsində oxuyan şagirdlər üçün çətin olacaq.
Bizim.Media-ya mövzu ilə bağlı danışan təhsil mütəxəssisi Nadir İsrafilovun fikrincə, 5-ci siniflərdə “Azərbaycan tarixi” fənninin dövlət dilində tədrisi Ana dilimizin tətbiq sahəsini və təsir imkanlarını daha da genişləndirir:
“Ötən ildən etibarən 9-cu siniflər üçün “Zəfər tarixi” dərs vəsaiti dövlət dilində tədris olunur. Əlbəttə, rus bölməsində Azərbaycan dilində tədrisin genişləndirilməsinin nə dərəcədə vacib olmasını birmənalı qəbul etsək belə, hansı effekt verəcəyini fərdi mülahizələr və proqnozlar deyil, zaman göstərəcək.
Ümumiyyətlə, götürsək ölkəmizdə ingilis, fransız dilli məktəblər də var, görünür bir müddət sonra bu eksperimentin onlara da şamil olunması təklifini irəli sürənlər olacaq.
Onu da xatırlatmaq yerinə düşər ki, bir müddət əvvəl rus bölməsində “Azərbaycan tarixi” ilə yanaşı “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan coğrafiyası” fənlərinin də Azərbaycan dilində keçirilməsi ilə bağlı təkliflər səsləndirilmişdi. Sabah hansı təkliflər səsləndiriləcək, hansı fənlər növbəyə salınacaq?
Hər bir xalq öz dilini, tarixini doğma dildə, vətəndaşı olduğu yaşadığı ölkənin dövlət dilində bilməsi vətənpərvərlik və milli düşüncə baxımından zəruridir. Lakin gəlin görək, bu istiqamətdə addım atılacağı halda, həmin fənlər üzrə rus dilli kontingentilə işləyə biləcək iki dilli peşəkar mütəxəssislərimiz kifayət qədərdirmi?”
Ekspert rus bölməsində Azərbaycan dilində tədrisin ayrı-ayrı fənlər üzrə genişləndirilməsini o qədər də uğurlu addım hesab etmir:
“Bu məsələnin optimal həlli üçün yeganə çıxış yolu hesab edilə bilməz. Uşaq həm o dildən, həm bu dildən məhrum ola bilər. Bir dildə düşünüb, digər dildə cavab vermək hər uşaq üçün düşüncə və qabiliyyəti çərçivəsində ola bilməz.
Digər tərəfdən rus və ya digər tədris bölməsinin uşağını “Azərbaycan tarixi”ni və ya başqa fənni “Azərbaycan dilində keç” deyə məcbur etməyin özü belə kimlər tərəfindənsə avtoritarlıq nümunəsi kimi qəbul oluna bilər.
Rus bölməsində hər bir təhsil alanın dövlət dilini mükəmməl bilməsi, “Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasını təmin etmək üçün ən optimal yol rus bölməsində Azərbaycan dilinin tədrisini gücləndirmək, onun öyrənilməsi üçün saatların əlavə edilməsində görürəm.
Düzdür, “Azərbaycan dili” fənninin dərs saatı rus bölməsində 2-dən 3 saata qaldırıllıb. Bununla belə daha bir saat əlavə etsək, bundan tədris planlarımız ağırlıq çəkməz. Azərbaycan dilinə mükəmməl yiyələnmək digər məsələlərin həllinə də dəstəkdir.
Hələ ki, bu, pilot layihədir. Sadəcə, gözləməliyik ki, bu layihə hansı effekt verəcək. Yalnız ondan sonra konkret addımlar atmaq olar”, - Nadir İsrafilov əlavə edib.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 24.05.2023
Rus bölməsində oxuyanlara "Azərbaycan tarixi"nin dövlət dilində tədrisi hansı problemi YARADACAQ?
Hazırda oxunan: Rus bölməsində oxuyanlara "Azərbaycan tarixi"nin dövlət dilində tədrisi hansı problemi YARADACAQ?
Hazırda oxunan: Rus bölməsində oxuyanlara "Azərbaycan tarixi"nin dövlət dilində tədrisi hansı problemi YARADACAQ?
137536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.