Arı deyəndə ağıla onun neştərlə sancması gəlir. Qayınana-gəlin məsələsi də günümüzdə elə arı sancması qədər ağrılı söhbətdir. Lakin bunu hər kəsə şamil etmək də doğru deyil. Bu başlığın günümüzlə səsləşmədiyinə inanmayanlar bir qədər səbr edib, reportajımızı sona kimi oxusa, çox mətləbdən aşikar olar.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün dünyada və ölkəmizdə Ümumdünya Arılar günü kimi qeyd olunur.
Əlbəttə, söhbət bal arılarından gedir. Bu məsələ BMT səviyyəsində gündəmə gətirilib. Məqsəd bal arılarının qorunması və nəslinin artırılmasıdır.
Gəlin ocağa çəkər.
Qəbələnin Məmmədağalı kəndində yaşayn Məmmədovların həyətinə daxil olanda yorğunluqdan əsər-əlamət qalmır. Özünü bir anda başqa bir mühitdə, başqa bir dünyada hiss edirsən. Bu həyətdə, arıxanada səliqə-səhman göz oxşayır, ətraf gül-çiçəklərlə boldur, lavanda ətri isə hər tərəfi bürüyüb. Eşidəndə ki, bu həyətə düzən, gözəllik verən qayınana və gəlinidir marağmızı gizlədə bilmədik.
Ailədə hamının “Ana”-deyə müraciət etdiyi Leyla Məmmədovanı günün əksər saatlarında arıxanada görmək mümkündür. O, hər bir arı ailəsinin həyat tərzini, iş prinsipini dərindən bilir desək yanılmarıq. Çünki bu qadın gözünü arıçı ailəsində açıb, 45 il əvvəl gəlin gəldiyi qayınata evində də arıxana görüb.
Dediyinə görə, ata-babadan başlayan bu ənənənin ümumi tarixi 70 ili ötüb. Və məhz bu illərin təcrübəsi, öyrəndiklərini tətbiq etməklə bu yaza da arı ailəsini sağ-salamat çıxarmağı bacarıb.
Onun iş təcrübəsini, arılara qulluğun sirlərlərini gəlini də mənimsəyir, öyrənir.
Qayınana deyir ki, ailədə hamı, həyat yoldaşı, oğlu, qızı hətta nəvələr də arıçılıqdan az-çox anlayır. Lakin onun bu sahədə “sağ əli” gəlini Şəmsinur Məmmədovadır. Şəmsinur xanım artıq 17 ildir bu evin gəlinidir və arıxanada qayınanasına köməkçi, dayaqdır. Arılarla bağlı bütün sirləri qayınana ona izah edir, öyrədir. Hətta hər bir arı ailəsinin yaşam tərzini, iş qrafikini belə bilirlər.
Evin qızı Boz Qafqaz arılarından bəhs edir.
Hansı ki, bu gün bu işin biznesini quran, ondan mənfəət götürənlər bu haqda danışmaqda maraqlı deyil.
Leyla xanımın ixtisasca riyaziyyat müəllimi olan qızı Gülnar Məmmədzadə arıxanada bitki örtüyünün xüsusən lavanda və arı otunun, pavloniya ağacının əhəmiyyətindən məlumat verir, arı məhsullarından hazırladıqları bir çox təbii müalicə vasitələrinin faydasından danışır.
Onu dinlədikcə dinləmək, öyrənmək istəyirsən. Çünki bu sahənin elmi dərinliklərini əxz edib. Gülnar xanım yaşadığı rayonda eləcə də bölgədə Boz Qafqaz arı növlərinin inkişaf etdirilməsi və çoxaldılmasının tərəfdarıdır. Digər hibridləşən arı növlərinin çox bal verməsinə rəğmən balının o qədər də keyfiyyətli olmadığını əsaslı dəlillərlə sübut edir:
“Son illərdəki Beynəlxalq arıçılıq konfranslarında həmçinin yerli konfranslarda bizim bal “İşıqlı bal” nominasıyası mükafatına layiq görülüb. Bizim bu yetişən balımızı istehsal edən Boz Qafqaz arı cinsidir. Bu arı çinsinin çox böyük üstünlükləri var. Digər arılar kimi bal yetişdirməklə yanaşı bu arının çox güclü propolis toplamaq qabiliyyəti var. Propolis də bilirsiz, çox qiymətli bir maddədir. Həm immun sistemini qüvvətləndirir, həm dişlərimizə, damaqlarımıza güclü təsirə malikdir. Bununla yanaşı çiçək tozu, elə lavandadan topladığı çiçək tozunu götürək. Çiçək tozu baldan 12 dəfə daha güclü antioksidantdır” -deyən həmsöhbətim arıçılıqla məşğul olanları bu növə üstünlük verməyə səsləyir”.
Kreativ arıxana
Arıxanada rəsmlərin çəkilməsi ailənin digər üzvü Anar Məmmədova məxsusdur. Bu xoş mənzərə görənlərin diqqətini cəlb etməklə yanaşı həm də insanların zövqünü oxşayır. Gənc arıçı anasının tövsiyyəsi ilə təsərrüfatda arı məhsullarının terapiya-müalicə otağını təşkil etməklə daha bir ilkə imza atdıqlarını dilə gətirir.
Belə ki, terapiya otaqlarından birində bağ-baxçada yetişən müxtəlif gül və təbii müalicə otları toplanıb. Bura daxil olanda onların qoxusu insanı bihuş edir. Və otaqda müəyyən vaxt keçirməklə həm təbiəti izləyirsən həm də onların ətrafa saçdığı ətirdən bəhrələnib beynini dincəldirsən. Digər otaqda isə arı ailəsinə bağlı nəfəs aparatı yerləşdirilib. Burada həmin nəfəslik vasitəsi ilə birbaşa arı ailəsinin havasını ciyərlərinə çəkməklə bir çox xəstəliklərə müalicə almaq imkanı yaradılır.
Bura saatlar yetməz ki...
Doğrusu arıxanada gördüklərimizin tamamını əks etdirmək üçün bizə kitab yazmaq lazım gəlirdi. Arıçı ailəsi ilə söhbətdən, zəngin məlumatdan, arı ailələrinə göstərilən xidmətdən aydın görmək olur ki, burada işini sevən, haqq-halal təcrübəli insanlar çalışır. Bu işin özəyini isə əlbəttə qayınana-gəlin tandemi tamamlayır.
BMT-nın də Ümumdünya Arılar gününü qeyd etməkdə əsas məqsədi belə təsərrüfatları genişləndirmək, nümunəvi arıçıları üzə çıxarmaq, onların təcrübəsini yaymaqdan, bəhrələnməkdən ibarətdir.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:40 / 20.05.2023
Qayınana-gəlin işbirliyindən doğan ARI TƏSƏRRÜFATI – FOTOREPORTAJ
Hazırda oxunan: Qayınana-gəlin işbirliyindən doğan ARI TƏSƏRRÜFATI – FOTOREPORTAJ
Hazırda oxunan: Qayınana-gəlin işbirliyindən doğan ARI TƏSƏRRÜFATI – FOTOREPORTAJ
136989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.