Xaçmazda şəhid anasına qarşı dələduzluq edən şəxs AXTARIŞA VERİLDİ – RƏSMİ 

Hazırda oxunan: Xaçmazda şəhid anasına qarşı dələduzluq edən şəxs AXTARIŞA VERİLDİ – RƏSMİ 

136812

Vətən Müharibəsi şəhidi Orxan Osmanovun anası Yeganə Şahbazovaya qarşı dələduzluq hərəkəti edilib.

Bu barədə Xaçmazın Xudat şəhərində yaşayan Yeganə Şahbazova Bizim.Media-ya məlumat verib.

Onun sözlərinə görə, ona qarşı  bu dələduzluğu şəhid oğlu Orxanın ögey dayısı, rayonun Mürşüdoba kəndində yaşayan Səxavət Mirzəyev adlı şəxs törədib. Ana deyib ki, həyat yoldaşı ilə oğlu hələ uşaq  olarkən ayrılıb və keçmiş həyat yoldaşı başqa qadınla ailə həyatı qurub. Səxavət Mirzəyev də oğlunun ögey dayısıdır.

Yeganə Şahbazova bildirib ki, 2021-ci ildə Səxavət Mirzəyev onun etibarından sui-istifadə edərək “Kapital Bank”ın Xaçmaz rayon şöbəsindən 8000 manat kredit götürüb:

"Səxavət mənə dedi ki, YAŞAT fondundan mənə 8000 manat yardım edilib, gedək, imza at, pulu götür. Mən də inanıb gedib bankda verilən sənədi imzaladım. Sonradan bilmişəm ki, Səxavət məni aldadıb. Pulu YAŞAT fondu göndərməyib, mənim adıma özünə kredit alıb."

Şəhid anası deyir ki, Səxavətə inanıb. Səxavət isə bu faktdan əlavə ona gələcəkdə mənzil düzəldəcəyi və digər məsələlərlə bağlı yardım edəcəyini deyərək, ayrı-ayrı vaxtlarda 10 min manat da pulunu mənimsəyib.

Yeganə Şahbazovanın sözlərinə görə, onun adından sui-istifadə edən və adına alınan kreditin tam ödənilməsi tələbi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edib. Amma hələlik ona qarşı bilərəkdən dələduzluq etmiş şəxsə heç bir cəza verilməyib.

Ana məlumat verdi ki, dövlətin oğluna görə təyin etdiyi şəhid vərəsəliyi pulunun yarısı da ona kəsilib.

Bu vərəsəlik kartının da bir müddət Səxavətdə olduğunu deyən Yeganə Şahbazova hazırda həmin kartını yenisi ilə əvəz edib. Amma Səxavətin aldadaraq götürdüyü kreditin aylıq ödənişi yenə də onun kartından tutulur:

"Kartım da əvvəl onda qalmışdı. Guya YAŞAT fondundan göndərilən pulu alıb mənə verəcəkdi. Ona inanmışdım. Adıma aldığı kredit hər ay 245 manat mənim vərəsəlik pulumdan çıxılır. Qızım tələbədir, Bakıda oxuyur, mən çox çətinliklə qızımı oxuduram, oğluma görə verilən pulun əsas hissəsi kreditə çıxıldığından çox korluq çəkirəm".

Yeganə Şahbazova deyir ki, Səxavət Mirzəyevlə bağlı qaldırdığı şikayət ərizəsi Xaçmaz Rayon Məhkəməsində hakim Sərxan Səmədzadənin sədrliyi ilə araşdırılıb. Bu ilin yanvarından mart ayının 7-dək 3 dəfə məhkəmə iclası baş tutub. Amma Səxavət Mirzəyev heç bir məhkəmə prosesinə gəlməyib. 

Sonuncu məhkəmə prosesində onun barəsində həbs qəti imkan tədbiri seçilib. Amma bu qərar da icra edilməmiş qalıb.

Yeganə Şahbazova Səxavət Mirzəyevin cəzalandırılması üçün Xaçmazın hüquq-mühafizə orqanlarının rəhbərlərindən kömək istəyir. Ananın tələbi odur ki, Səxavət Mirzəyev həmin pulu tam ödəsin və layiqli cəzasını alsın.
 

Yeganə Şahbazovanın şikayəti ilə bağlı əvvəlcə adı dələduzluqda hallanan Səxavət Mirzəyevlə əlaqə saxlamağa çalışdıq. Yaxın qohumlarından Səxavət Mirzəyevin hazırda Mürşüdoba kəndində olmadığını öyrəndik. Özü ilə telefon əlaqəsi saxlamaq cəhdlərimiz isə alınmadı. 


Xaçmaz Rayon Məhkəməsindən isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, 16 mart 2023-cü il tarixində Xaçmaz Rayon Məhkəməsinin qərarı əsasında Səxavət Mirzəyev barəsində Xaçmaz Rayon Polis Şöbəsində axtarış elan edilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin