"2021-ci ildə 56 314 nikah, 17 191 boşanma olmuşdusa, 2022-ci ildə isə 61 939 nikahdan 15 983-ü pozulub".
Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.
MÖVZU İLƏ BAĞLI:
İşğaldan azad edilən 3 bölgədə ailə mərkəzi AÇILACAQ
Onun sözlərinə görə bu məsələdə cüzi olaraq müsbətə doğru dəyişiklik var:
"Amma boşanmaların cəmiyyətdə nə dərəcədə narahatlığa səbəb olduğu görünür. Bəzi hallarda boşanma prosesləri daha çox mülki məsələlər üzərində gedir və burada uşağın vəziyyəti nəzərə alınmır. Bu da uşağın gələcəyi ilə bağlı bir sıra problemlərə yol açır".
Bahar Muradova qeyd edib ki, boşanmaların sayının artmasına səbəb sadələşdirilmiş boşanma prosesinə daha çox üstünlük verilməsidir:
"Bəzən bir tərəf razılıq vermir və məhkəmə barışıq üçün tərəflərə müəyyən müddət verir, lakin bu zaman bir tərəfin müraciəti əsasında da məhkəmə nikaha xitam verir. Bu zaman nə uşağın, nə qadının, nə də kişinin mənafeyi nəzərə alına bilir. Barışıq üçün vaxt verilməsi müddətində məhkəmələr müəyyən tədbirlər görməlidirlər. Ailələrlə iş aparılmalıdır ki, boşanmaların qarşısını alınsın".
Alçina Amilqızı, Bizim.Media