18 may 2023 İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), Tatarıstan Respublikasının (RF) Gənclərlə İş Nazirliyi və Tatarıstan Respublikası "Selet" Gənclər Fondunun birgə təşkilatçılığı ilə Tatarıstan Respublikasının Kazan şəhərində İƏT Gənc İş Adamlarının 9-cu Beynəlxalq Forumu öz işinə başlayıb.
Bizim.Media xəbər verir ki, tədbirin açılış mərasimində Rusiya Federasiyası Gənclərlə İş üzrə Federal Agentliyin rəhbərinin müavini Dəmir Fəttahov, Tatarıstan Respublikası Gənclərlə İş üzrə naziri Rinat Sadıkov, İƏFG Avrasiya Regional Mərkəzinin idarə heyətinin sədri Elçin Əsgərov və Tatarıstan Respublikası rəisinin köməkçisi Timur Süleymanov təbrik nitqi ilə çıxış edərək Forumun artıq ənənəvi hal aldığından öz məmnunluqlarını bildiriblər, eləcə də bu formatın davamlı olması üçün yeni startap ideyaların irəli sürülməsini xüsusi nəzərə çatdırıblar.
Çıxışlarda həmçinin indiyə qədər irəli sürülən bir sıra layihələrə yatırımlar edilməsi müsbət hal kimi qiymətləndirilib.
Forum çərçivəsində müxtəlif ölkələri təmsil edən tanınmış investorların, ekspertlərin iştirakı ilə “Rusiya və İƏT ölkələrində gənc iş adamlarının üzləşdiyi problemlər və onların həlli yolları”, “İslam dünyasında gənc iş adamlarının fəaliyyəti” və “İƏT ölkələrində innovativ startap layihələr üzrə həll yolları” mövzuları ətrafında panel müzakirələri, mühazirələr, interaktiv seminarlar, layihə sessiyaları keçirilib. Forum çərçivəsində tədbirin tərəfdaşları olan Sabah.lab Akselerasiya Mərkəzi, Növbəti Addım İnnovasiya Mərkəzi, Beynəlxalq İnkubasiya Mərkəzi və İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin təqdimatları keçirilib.
Bu il keçirilən Forumda iştirak üçün layihələr üzrə 200-dən çox müraciət göndərilib və onlardan 14 ölkəni (Azərbaycan, Misir, İndoneziya, Pakistan, İordaniya, Türkiyə, ABŞ, Keniya və s.) təmsil edən 31 startap layihəsi ekspertlərin təmsil olunduğu jüri tərəfindən seçilib.
İƏT coğrafiyasından kənarda yerləşən müsəlman icmalarına dəstək göstərmək və daha geniş arealda bilik və təcrübələrin bölüşməsi məqsədilə Forumun işində İƏT üzvü olmayan ABŞ, Böyük Britaniya, Kanada, Rusiya, Almaniya və Gürcüstan nümayəndələri də iştirak edir.
“İƏT gənc iş adamları Forumu” təşəbbüsü İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən irəli sürülüb və İƏT üzvü olan ölkələrdə yeni iş yerlərinin yaradılması yolu ilə gənclər arasında işsizliyin aradan qaldırılması məqsədi güdür.
Qeyd etmək lazımdır ki, indiyə qədər 50 ölkəni təmsil edən 1000-dən çox gənc iş adamı Kazan forumlarının iştirakçısı olub və startap layihələrinə ayrılan yatırımlar 2 milyon dollardan çoxdur.
Kazan şəhərində “Rusiya və İslam dünyası: Kazan Forumu 2023” çərçivəsində keçirilən və 80 iştirakçının qatıldığı bu forumun digər məqsədləri informasiya texnologiyaları sahəsində startap ideyalarının həyata keçməsinə və bu sahədə çalışan gənc iş adamları arasında münasibətlərin qurulmasına, o cümlədən, Rusiya Federasiyası-İƏT ölkələri arasında iqtisadiyyat, ticarət və innovasiya sahəsində əməkdaşlığa töhfə verməkdir.
Bizim.Media