19 may simvolik olaraq Atatürkün doğum tarixi qəbul edilir. 1938-ci ildən bu gün Türkiyədə milli bayram elan olunur. 1919-cu ilin 16 mayında 9-cu Ordu Müfəttişi olaraq Bandırma gəmisi ilə İstanbuldan yola çıxan Mustafa Kamal Paşa ayın 19-da Samsuna çatır.
Anadolunun mərkəzində milli mücadiləyə başlamağı planlaşdıran Atatürk bir gün sonra Osmanlının baş vəziri Damat Ferit Paşaya göndərdiyi teleqramda “İzmirin yunan əsgərləri tərəfindən işğalı milləti və ordunu çox kədərləndirib. Nə xalq, nə də ordu bu haqsız hücumu qəbul etməyəcək" sözlərilə hədəfini qapalı şəkildə ortaya qoyur.
Bəs, mayın 19-da dünyada daha hansı hadisələr baş verib?
1. 1907-cı ililin bu günündə Bakıda "Bəhlul" satirik jurnalı nəşrə başlayıb. “Molla Nəsrəddin” jurnalının təsiri altında nəşr olunan dərginin redaktoru Ələsgər Əliyev idi. Jurnalın cəmi 9 sayı (1907-ci il 4 noyabradək) işıq üzü görüb. M.Ə.Sabirin bir neçə şeiri ilk dəfə bu dərgidə dərc olunub.
2. 1919-cu ilin 19 mayında Versal sülh danışıqlarında iştirak edən Azərbaycan nümayəndələri Polşa və İran nümayəndə heyətləri ilə görüşdü. Danışıqlar nəticəsində Qafqaz respublikalarının siyasi-iqtisadi ittifaqının yaradılması qərara alındı.
Gürcülər və Dağıstan xalqları Azərbaycanla birlikdə bu ittifaqda birləşməyə razılıq verdilər. İttifaqa ermənilər də dəvət edilmişdi. Lakin onlar vahid Ermənistan yaratdıqdan sonra Qafqaz konfederasiyasında iştirak edəcəklərini bildirdilər.
3. 19 may 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis komissiyası yaradılıb.
4. 1929-cu ilin bu günü Amerika Birləşmiş Ştatlarında kino ilə bağlı “Oscar” mükafatı təsis edildi. “Oscar” 1927-ci ildə yaradılmış Amerika Kino Akademiyasının ali mükafatıdır. Sıralarında beş minədək görkəmli kino xadimini birləşdirən bu akademiya Amerika kino məhsullarının bədii, ictimai və texniki səviyyəsini qiymətləndirir.
Amerika Kino Akademiyasının “Oscar” mükafatı 20 kateqoriya üzrə ən yüksək nailiyyətlərə görə təqdim olunur. Azərbaycan kino xadimlərindən yalnız “Günəşdən yoğrulmuşlar” filminin ssenari müəllifi Rüstəm İbrahimbəyov “Oscar”a layiq görülüb.
5. 19 may 1992-ci ildə Türkiyə hökuməti Ermənistanın Azərbaycana qarşı artan hərbi təcavüzü ilə bağlı yeni bəyanat verib. Bəyanatda bildirilirdi ki, Şuşa və Laçının işğalı, Ermənistanın Naxçıvan üzərinə hücumlarının genişlənməsi Türkiyəni hadisələrə seyrçi qoya bilməz. Türkiyə 1921-ci il Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını nəzərə çatdırıb.
6. 1997-ci il 19 mayda Azərbaycan Respublikası Avropada “Adi Silahlı Qüvvələr haqqında müqavilə”yə qoşuldu.
7. 19 may 1999-cu ildə Sumqayıt şəhər 8 saylı orta məktəbin hərbi dərsində RQD-5 əl qumbarası partlayaraq 6 nəfər ölüb, 18 nəfər yaralanıb.
8. 2004-cü ilin 19 may tarixində Brüsseldə “Dədə Qorqud” abidəsinin açılışı olub. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
9. 19 may 2007-ci ildə alpinist İsrafil Aşurlu Everest dağının zirvəsinə çıxan ilk azərbaycanlı olub.
10. 2015-ci ilin bu günündə Binəqədi rayonunda bir binada yanğın baş verib. Hadisə nəticəsində 15 nəfər həlak olub, 64 nəfər yaralanıb.
19 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Bu gün Azərbaycanın görkəmli maarifçisi, siyasi və ictimai xadimi, publisit, şərqşünas Əhməd bəy Ağayevin (Əhməd Ağaoğlu) xatirə günüdür. Hacı Zeynalabdin Tağıyevin dəvətilə Bakı Realnı Məktəbində fransız dilini tədris edən Əhməd bəy Ağayev, eyni zamanda, “Kaspi”, sonralar isə “İrşad” və “Tərəqqi” qəzetlərinin redaktoru olub.
Ə.Ağayev 1903-cü ildə Osmanlı dövlətinə (Türkiyə) mühacirət edib, mətbuatda çalışıb, İstanbul Universitetinin professoru olub, Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 1918-ci ildə Osmanlı Qafqaz Ordusu tərkibində siyasi müşavir kimi Bakıya rəsmi səfərlə gələn Əhməd Ağaoğlu İranın Ənzəli şəhərində təşkil edilən İngiltərə - Azərbaycan danışıqlarında Azərbaycan nümayəndə heyətinin başçısı olub. Ə.Ağaoğlu 1939-cu ilin 19 mayında İstanbulda vəfat edib və orada da torpağa tapşırılıb. (1869-1939)
2. Azərbaycanın xalq artisti, opera müğınnisi Hüseynağa Hacıbababəyov 1898-ci ilin bu günü Şamaxıda dünyaya gəlib. Hüseynağa Hacıbababəyov həm Azərbaycan, həm rus, həm də Qərb bəstəkarlarının operalarında çıxış edib. (1898-1972)
3. 19 may 1910-cu ildə Xalq şairi Rəsul Rza anadan olub.(1910-1981)
4. Azərbaycanın tanınmış şairi və tərcüməçi Vladimir Qafarov 1935-ci ilin 19 mayında anadan olub.
5. Azərbaycan və Türkiyə dövlət xadimi İbrahim bəy Cahangirzadə 1948-ci ilin bu günündə dünyasını dəyişib.
6. Azərbaycanın Milli Qəhrəmanı Fikrət Hacıyev 19 may 1964-cü ildə dünyaya gəlib.
7. Azərbaycan futbolçusu və baş məşqçisi Əhməd Ələsgərov 2015-ci ilin bu günündə dünyasını dəyişib.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:00 / 19.05.2023
BİZİM TƏQVİM: 19 mayda nələr baş verib?
Hazırda oxunan: BİZİM TƏQVİM: 19 mayda nələr baş verib?
Hazırda oxunan: BİZİM TƏQVİM: 19 mayda nələr baş verib?
136711
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.