“Göyçayın Şıxəmir kənd sakinləri kənddə internet xətlərinin olmamasından şikayətlənirlər. Aidiyyatı qurumlar illərdir onlara müxtəlif vədlər versə də bu günə kimi bununla bağlı heç bir tədbir görülməyib. Sakinlər illərdir onlara verilən “sözlər”dən təngə gəliblər”.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Göyçayın Şıxəmir kəndində orta hesabla 60-yaxın ailə, 300-dən çox sakin yaşayır.
MÖVZU İLƏ BAĞLI:
5G Azərbaycana nə zaman gələcək? – AÇIQLAMA
İllər öncə bu kəndlərə telefon xətləri çəkilib, amma internet təminatının həyata keçirilməsi üçün heç bir iş görülməyib. Hazırda rayonun bir çox kəndlərində internet xətlərinin olduğu halda adı çəkilən kəndin sakinləri bu xidmətdən məhrum qalıblar.
Sakinlər övladlarının onlayn dərslərdə iştirakını təmin etmək və digər zəruri tələbatlarını ödəmək üçün məcbur qalıb internet paketləri götürməli olurlar. Bu da onlara çox baha, yəni 100-120 manata başa gəlir.
Bu da öz növbəsində gəlirləri az olan kənd camaatı üçün bir sıra çətinliklər yaradır. Odur ki, sakinlər aidiyyatı qurumlardan bu kəndə internet xətlərinin çəkilməsi üçün köməklik edilməsini istəyirlər.
Məsələ ilə bağlı kənd sakinləri dəfələrlə müxtəlif vaxtlarda aidiyyatı qurumlara müraciətlər ediblər.
Amma nə fayda, verilən söz elə söz olaraq qalıb.
Ölkəmizdə müasir texnalogiyanın bu qədər inkişaf etdiyi vaxtda Göyçayın Şıxəmir kəndinin əhalisi hələ də internet axtarışındadır, nə vaxt olacağıda hələ ki, məlum deyil.
Sakinlərin narahatçılığını dinlədikdən sonra məsələ ilə bağlı ilk olaraq “Aztelekom MMC”-yə üz tutduq.
Qurumdan bildirilib ki, adı çəkilən kəndin internet təminatı “Azəronlayn” şirkətinə həvalə olunub.
Azəronlayn şirkətinin sözçüsü Səbinə Təvəkkülova isə qeyd edib ki,Göyçayın Şıxəmir kəndinə internet xəttlərinin çəkilməsi cari ildə nəzərdə tutulmayıb:
“Amma Şıxəmir kəndinə “Gipon” texnalogiyası əsasında fiber optik xətt şəbəkəsinin tikintisinin Azəronlayn şirkəti tərəfindən növbəti mərhələdə, yəni 2024-cü il ərzində icra olunması planlaşdırılır”.
Aidiyyatı qurumların sözlərinə görə sakinlər kəndə internet xəttlərinin çəkilməsi üçün bir ildə gözləməli olacaqlar. Ümid edək ki, sakinləri narahat edən məsələ deyilən vaxtda öz həllini tapar və sakinlərin internet həsrəti sona çatar.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu